16.10.2025, 20:30
AZ EN
16.10.2025, 17:52 25

Paşinyandan geriyə addım: konstitusiyanı seçkidən sonra dəyişəcək

XƏBƏRLƏR
  • "Bizim Ermənistan konstitusiyasına dəyişikliklə bağlı mövqeyimiz dəyişməyib. Əvvəlcədən də demişik ki, konstitusiyanı dəyişməyə ehtiyac var, amma bu, seçkidən sonranın işidir".

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib. O. deyib ki, ölkənin əsas qanununa xarici yox, daxili gündəlik əsasında dəyişiklik ediləcək: "Bizim xarici siyasət gündəliyimizdə konstitusiya dəyişikliyi mövzusu yoxdur və heç vaxt olmayıb. Bəli, konstitusiya ilə bağlı daxili gündəliyimiz var və bu, partiyanın 7-ci qurultayı zamanı qəbul edilmiş bəyannamədə açıq və birmənalı şəkildə qeyd olunub”.

Paşinyan vurğulayıb ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının həmin bəyannaməsində konstitusiya ilə bağlı ayrıca bənd var: "Orada bildirilir ki, 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərində xalqın etimad səsini aldıqdan sonra hökumət referendum yolu ilə Ermənistan Respublikasının yeni konstitusiyasının qəbulu prosesinə start verəcək”.

Xatırladaq ki, Ermənistan Konstitusiyasında müvafiq dəyişiklik sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın tələbidir. Söhbət Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bəndin Ermənistanın əsas qanunundan çıxarılmasından gedir.

Elxan SALAHOV

Oxşar xəbərlər