Bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Azərbaycan hərbçilərinin beynəlxalq qüvvələrin tərkibində Kosovo, İraq və Əfqanıstanda fəaliyyət təcrübəsinin olduğunu xatırladan politoloq Qəzzada vəziyyətin daha mürəkkəb olduğunu vurğulayıb və bildirib ki, digər tərəfdən beynəlxalq qüvvələrin Qəzzadakı rolunun nədən ibarət olacağı hələ müəyyənləşməyib. HƏMAS tərksilah olunmasa bölgədə gərginlik yenə artacaq: "Bunu ABŞ Prezidenti Donald Trampın və İsrailin baş naziri Benyamin Netanyahunun son açıqlamaları da sübut edir. Tramp CNN kanalına müsahibəsində deyib ki, HƏMAS hərəkatı Amerika prezidentinin sülh planının şərtlərinə əməl etməsə, o İsrail ordusunun Qəzza küçələrinə qayıtmasına icazə verəcək. Bu açıqlama İsrail rəsmilərinin HƏMAS-ın ünvanına daha sərt açqlamalarına yol açıb. İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, HƏMAS hərəkatı tərksilah etməkdən imtina edərsə, İsrail Qəzza zolağında hərbi əməliyyatları bərpa edəcək. İsrailin baş naziri Binyamin Netanyahu isə daha sərt bəyanat verərək bildirib ki, ölkəsi HƏMAS-a qarşı mübarizəni hələ başa çatdırmayıb və məqsəd terror təşkilatını tamamilə məhv etməkdir. Yəni Qəzzada atəşkəsə riayət olunsa da, İsrail HƏMAS-ın varlığına seyrçi qalmayacaq. HƏMAS isə tərksilah olunmağa hazır deyil. Belə bir vəziyyətdə Qəzzadakı beynəlxalq qüvvələr atəşin mərkəzində qala bilərlər. Bu mənada beynəlxalq qüvvələrin Qəzzada fəaliyyətə başlaması HƏMAS qruplaşmasının tərksilahından asılı olacaq",- deyə E.Şahinoğlu bildirib.
Tahirə AĞAMİRZƏ