Tarixi Zəngəzur mahalının Laçın rayonunda ən qədim kəndlərdən biri də Kürdhacı kəndidir. Qarabağ silsiləsinin yamacında yerləşən bu kəndin adı əvvəllər Qasımuşağı olmuşdur. Sonralar yurd dərəsi, qurd aşırımı mənasında ifadə olunan Kürdhacı adlandırılmışdır. Qarabağ xanı Pənahəli xanın dövründə Xorasan əyalətindən gəlmiş Hacısamlı camaatının Qasımuşağı tayfası burada məskunlaşıb. Qədim dövrlərdə türkləri qurd adlandırmışdılar. Ona görə də kəndin adı Qurdqajı olmuş, sonrakı dövrlərdə assimilyasiyaya uğrayaraq Kürdhacı kimi formalaşmışdır. Qafqaz Albaniyası dövrünə aid tikinti qalıqları, yazılı daş abidələr, Alban qəbristanlığının qalıqları erməni işğalına qədər qalırdı. İşğaldan sonra erməni vandalları bu abidələrdə müxtəlif dəyişikliklər aparmaqla özününküləşdirməyə çalışmışlar.
Kürdhacı kəndində işğala qədər orta məktəb, uşaq bağçası, klub, kitabxana, rabitə şöbəsi və xəstəxana fəaliyyət göstərirdi. Həmçinin burada yun və pambıq iplərdən xalça, kilim, palaz, xurcun, fərməş, yun şal və s. əşyalar toxunurdu. Coğrafiyası zəngin olan kəndin meşələrində qırmızı palıd, ardıc, palıd, vələs və s. ağaclarla yanaşı dərman bitkiləri, meyvə ağacları çoxluq təşkil edir. Faunası kimi, florası da zəngindir. Belə ki, burada ayı, canavar, çöl pişiyi, çaqqal, tülkü, porsuq, əlik, donuz, dovşan, kirpi və başqa heyvanlarla bərabər qaratoyuq, bülbül, ağacdələn, şanapipik, sərçə, qartal, quzğun, qızılquş, qırğı və onlarla başqa quşlar da yaşayır.
Kəndin əhalisi azərbaycanlılardan ibarətdir. Burada igid və məşhur adamlar çoxdur. Nəzər Heydərov yazır ki, Zəngəzurda üç Sultanbəy nəsli daha məşhur olmuşdur. Qafan mis mədənləri, Bərgüşad çayının axarı boyu kənd təsərrüfatı, Çalbayır maldarlıq mülkləri onların idi. Müdrikliyi və qoçaqlığı ilə tanınan Paşa bəy Sultanovun övladları da tarixə öz adlarını şərəflə həkk etdirmişlər. Dövlət xadimi, Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov bəy Sultanov, xalq qəhrəmanı Sultan bəy Sultanov, Sultan bəyin ulu babası Xıdır bəy Qaraçöplü, Sultan bəyin babası Xanmurad bəy Qaraçöplü, Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Novruzov və b. məhz Kürdhacı kəndinin yetirmələridir.
Birinci və İkinci Qarabağ müharibəsində onlarla gənc şəhidlik zirvəsinə yüksəlib. Uzun illər düşmən tapdağında qalan Kürdhacı kəndi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli müqaviləyə əsasən döyüşsüz olaraq 1 dekabr 2020-ci ildə azad olunmuşdur. İndi Laçın rayonu, o cümlədən Kürdhacı kəndi silahlı qüvvələrimizin nəzarətindədir.
İsa MUSAYEV