"Vətən səsi" xəbər verir ki, bu sözləri erməni politoloq Ruben Mehrabyan deyib. O, Rusiyanın uzun müddət Moskvada biznes fəaliyyəti ilə məşğul olan Samvel Karapetyan və Qaqik Sarukyanın, habelə keçmiş prezident Robert Köçəryan vasitəsilə Ermənistanda hakimiyyəti dəyişmək və öz adamlarını seçkilərdə qalib etmək istədiyini söyləyib: “Xarici Kəşfiyyat Xidməti xarici ölkədə Ermənistan vətəndaşlarına təzyiq və qarşıdan gələn seçki prosesinə müdaxilə ilə bağlı açıqlama yayıb. Bu açıqlama, şübhəsiz ki, ancaq Rusiyaya aiddir, çünki bu istiqamətdə ondan başqa addım atan ölkə yoxdur”.
Erməni politoloq hesab edir ki, Samvel Karapetyan, Robert Köçəryan və Qaqik Sarukyan Rusiyada böyük nüfuza və iqtisadi əlaqəılərə malikdir. Məhz buna görə, Rusiya onların vasitəsilə bu ilin yayında keçiriləcək parlament seçkilərində fəallığı ələ almaqla Nikol Paşinyanı uduzdurmaq üçün planlar hazırlayıb: “Hər üç şəxs təkcə Ermənistanda yox, həm də Rusiyada ayrı-ayrı insanlara təsir göstərə bilərlər. Ermənistan hökuməti və ya xarici kəşfiyyat xaricdəki vətəndaşlara təzyiqin qarşısını almaq və seçkilərin şəffaflığını təmin etmək üçün Rusiyanın seçkiləri pozmaq üçün yardımını əsirgəmədiyi siyasi qüvvələri dayandırmalıdır. Həmin qüvvələr seçki prosesindən çəkilməlidirlər. Rusiya Ermənistanı “müvəqqəti itirilmiş ərazi” hesab edir və bu seçkilərdən həmin “itirilmiş əraziləri” geri qaytarmaq üçün fürsət kimi istifadə etməyə çalışır”.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə Rusiyapərəst iş adamı, “Güclü Ermənistan” Partiyasının lideri Samvel Karapetyan hazırkı Baş nazir Nikol Paşinyanın əsas rəqibi kimi iştirrak edəcək. Onun yeni Baş nazir vəzifəsinə əsas namizəd sayıldığını sosioloji sorğular da təsdiqləyir. “Empirica” beynəlxalq tədqiqat və konsaltinq şirkəti Ermənistanda Baş nazir vəzifəsinə potensial namizədlərlə apardığı sorğunun nəticələrini açıqlayıb və məlum olub ki, hazırkı vəziyyətdə Samvel Karapetyan Nikol Paşinyanı üstələyir. İrəvanda keçirilən sorğuda iştirak etmiş respondentlərin təxminən yarısı, yəni 49 faizi Samvel Karapetyana üstünlük verib, respondentlərin yalnız 24 faizi Nikol Paşinyanı seçib.
Elxan SALAHOV