01.07.2025, 16:17
AZ EN
19.08.2023, 08:11 444

Laçın rayonu, Şəlvə kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Laçın rayonunun ən böyük kəndlərindən biri olan Şəlvə kəndi Şəlvəçayın sahilində dağətəyi ərazidə yerləşir. Kəndin adı Şəlvə çayının adından götürülmüşdür. Qədim türk dilində Şəlvə sözü şölə sözündən törəmiş аlov, parıltı, işıltı, şəfəq kimi mənaları ifadə edir. Deməli, toponimin tam düzgün mənası od, аlov, parıltı, işıltı, şəfəq mənalarını verir. Digər türk dillərində bu söz bir çox hallarda “dəri”, “örtük”, bəzən də “ləpə” mənasında işlənir. Kənd dəniz səviyyəsindən 1540 metr yüksəklikdədir.

Şəlvə kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının, 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının tərkibində mövcud olmuşdur. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq

Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur.

Cümhuriyyətin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra Azərbaycan SSR-nin Zəngəzur qəzasının, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsində təsis edilmiş Kürdüstan mahalının (sonradan qəza) tərkibində olmuşdur. 8 aprel 1929-cu ildə Kürdüstan qəzası ləğv edilmiş və yeni yaradılmış Laçın rayonunun tərkibinə daxil edilmişdir.

1740-cı illərin əvvəllində kənddə yenidən oturaq yaşayışı bərpa edən Qarabayramlı tayfasının Məmmədlər tirəsi olmuşdur. Sonra Tazılar, Abdullar, Nəcəfli, Abdinlər (Avdınlar) və Həsənalılar (etnik təmizləmə nəticəsində Dərələyəzi tərk edən Həsənalı adlı şəxsin (törəmələri) tayfası da bu kənddə məskunlaşmışdır.

Şəlvə kəndi 1992-ci ildə Ermənistan silahlı Qüvvələri tərəfindən işğal edilmiş və işğalçılar tərəfindən yaşayış, tarixi, mədəni, sosial və təsərrüfat təyinatlı tikililərin əksəriyyəti yandırılmış və dağıdılmışdır. Kənd əhalisi evlərindən didərgin düşmüş, onların bir qismi Ağcabədi rayonuna yerləşdirilmişdi.

Şəlvə kəndi 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Kəndin binasını qoyan və sonralar da kənddə yaşayan əhali azərbaycan türkləri olmuşdur.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər