Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Mərcimək kənd inzibati ərazi dairəsinə daxil olan Ağqaya kəndi öz adını kəndin ətrafında olan Ağ qayadan götürmüşdür. Kənd 1933-cü ildə Ağqaya binəsi kimi qeydə alınmışdır. Bu kənd XIX əsrdə Zəngəzur qəzasının Şəlvə dərəsindəki kəndlərdən öz yaylaq yerlərinə gələrək məskunlaşmış rəhimli və kərimli nəsilləri tərəfindən salınmışdır. Sonralar yaxınlıqdakı Pələnkəli kəndi dağıldığı üçün onun əhalisinin çox hissəsi Ağqaya kəndinə köçmüşdür. Ağqaya yüksəkliyi hazırda Şişqaya adlanır. Kəndin Çökək yurd, Babanın yurdu, Şikarın yurdu, Göl bulağı, Şava bulağı, Dovşan bulağı, Sızqa bulaq, Yal yeri, Çal qayalar, Yazlıq yeri, Ayı dərəsi, Ağqayanın çayı, Quzu gölü, Binə, Göl damının binəsi kimi məşhur yerləri də vardır.
İsa Musayev