17.06.2025, 16:55
AZ EN
18.01.2023, 09:40 475

Laçın rayonu, Piçənis kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Azərbaycan Respublikası, Laçın rayonunun Piçənis kəndinin adı qədim türk tayfalarının adı ilə bağlıdır. Çox maraqlı tarixi olan bu kəndin erkən dövrlərdə formalaşmış türk tayfalarından olan peçeneq otnonimindən götürülməsi ehtimal olunur. Kəndin yaxınlığında Piçənisin düzü, Piçənisçay adları da olub və bu gün də həmin adlar öz varlığını qoruyub saxlayır. Mənbələrdə qeyd olunur ki, 19-cu əsrin ortalarında kürd mənşəli Qasımuşağı tayfası tərəfindən yaradılmış bu kənd erməni - müsəlman qırğınları və Azərbaycan - Ermənistan müharibəsi zamanı əsas döyüş bölgələrindən biri olmuşdur. Laçın şəhərinin şimal-qərb istiqamətində, rayon mərkəzindən 45 km məsafədə, dəniz səviyyəsindən 1550 metr yüksəklikdə yerləşən Piçənis kəndi elə bir əhəmiyyətli yerdə salınıb ki, Laçın- Şamkənd şosse yolu da kəndin içərisindən keçir. Kənd demək olar ki, Şəlvəçay və Ələkçay çayları ilə əhatə olunub, yaxın ətrafda Ağcayazı, Arduşlu Xaçınyalı yaşayış məntəqələri də var. Şimaldan Şallıq, Qırxbulaq dağları, cənubdan isə Piçənis düzü adlanan təxminən 60 hektarlıq sahə də buraya aiddir. Tarixi faktlarla möhürlənmiş digər adlar da ərazinin qədimliyi və kimə mənsub olduğunu aydın göstərir. Xanölən dərə, Talibxan dərə, Meşə bulağı, Pəri bulağı, Sərin bulaq dediklərimizə bariz nümunədir. Kənddə orta məktəb, musiqi məktəbi, poçt şöbəsi, tibb məntəqəsi, uşaq bağçası, kitabxana, mağaza ilə yanaşı qədim məscid, Qafqaz Albaniyasına aid kilsə də olub. Burada su dəyirmanı, Çiçəyin körpüsü adlı tarixi abidələr də var. Piçənis kəndi həm də Eldar Vəliyev kimi akademik, Abbas Piçənisli kimi məşhur aşığın da doğma yurdudur.

İsa MUSAYEV

Oxşar xəbərlər