Oxçu çayın sağ sahilində, düzənlikdə yerləşir. 1930-1933-cü illərdə rayon mərkəzi olub. Yaşayış məntəqəsi kimi XIV əsrdən məlumdur. VII əsrdəki mənbələrdə adı çəkilir. Orta əsr səyyahı və alimi H.Qəzvini Xudafərin körpüləri haqda yazarkən bildirir ki, bu körpü Məhəmməd Peyğəmbərin əsabələrindən olan Bəkr ibn Abdullah tərəfindən 634-cü ildə Zəngilan yaxınlığında salınmışdır. Oronim zəngi tayfaları ilə bağlı «Zəngilərin məskəni» mənasındadır. Zəngi tayfalarının adı ilə bağlı xeyli toponimlər də məlumdur. Sabiq millət vəkili və Təhsil naziri, professor Firudin Cəlilovun kitabında da bu haqda məlumatlar var. 1993-cü ildə işğal, 22 oktyabr 2020-ci ildə isə azad olunub. 1 məscid, 1 orta məktəb var idi. Həmçinin Qarabağ xanının əmizadələrindən olan Məhəmməd bəy Aşiq bu kənddəndir. Onun oğlanları Əbdüssəməd bəy və Teymur bəy məşhur bəylər idi. Əbdüssəməd bəy həm də şair idi. İlk dəfə M.Aşiqin adını Azərbaycan Ədəbiyyatı tarixində çəkmişdir. Yazıçı-publisist Azad Qaradərəli «Aşiqlər» kitabında bu haqda geniş məlumatlar verib.
Kənddə Temir bəyin mülkü kimi tanınan böyük 2 mərtəbəli bina işğala qədər qalırdı. Bu bina orta məktəbə verilmiş, sonralar başqa ərazidə məktəb tikildiyi üçün orada digər rayonlardan gəlib müəllim işləyən adamlar yaşayırdılar. Əlibayramlıdan (Şirvan) Şura müəllim, Qafandan Əli Səlimov və b. adlarını çəkmək olar. Kənddə ziyalılar çoxluq təşkil edirdi. Bəylər Hacıyev kənd ağsaqqalı və dərin dini təhsili olan şəxs idi.
Həmçinin burada Mir İbrahim ağanın ocağı da var idi ki, camaatın ümid və ziyarət yerinə çevrilmişdir.
Zəngilan kənd orta məktəbi rayonun qədim və ən böyük məktəblərindən idi. Bu məktəb rayon və respublikamız üçün savadlı və bacarıqlı kadrlar yetişdirmişdir. Professor, ADPU-nun uzun illər filologiya fakültəsinin dekanı işləmiş Həsən Balıyev, jurnalist-pedaqoq Şükür Hüseynov, Zəngilan rayon Təhsil Şöbəsinin müdiri işləmiş Yadulla Hacıyev, şair-pedaqoq Məhəmməd bəy Aşiqin nəvəsi Xosrov bəy Cavanşir, Zəngilanın ilk alimi, Sosialist Əməyi Qəhrəmanı Ziyad Məmmədov, biologiya üzrə alim Atlıxan Xanməmmədov Zəngilan kənd orta məktəbində müəllim işləmişlər. Onu da qeyd edək ki, Birinci və ikinci Qarabağ savaşında bu kənd də şəhidlər vermişdir.
Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə indi azad olunmuş ərazilərdə, o cümlədən kənd Zəngilan da abadlıq və quruculuq işləri aparılır.
İsa MUSAYEV