11.02.2026, 14:03
AZ EN
11.02.2026, 10:31 120

Qarabağın qədim yurd yerləri: Zabux

ŞƏRQİ ZƏNGƏZUR
  • Qarabağ yaylasının ətəklərində, Həkəri və Zabux çaylarının arasında qərar tutmuş Zabux kəndi həmin bölgədə qədim tarixə malik yaşayış məntəqələrindən hesab olunur. Bir müddət “Xut Zabux” kimi tanınan kəndin indiki ərazisində Sus Zabux adlı başqa oba da olub. Tədqiqatçıların qənaətincə, oykonim türk dillərindəki “zaboq” (döngə) sözündən götürülüb. Deyilənlərə görə, hələ XIX əsrdə Şuşa-Gorus yolu üzərində poçt dayanacağını da “Zabox” və ya “Zabux” adlandırırmışlar. XX əsrin əvvəllərinə aid mənbələrdə isə həmin ərazilərin adı "Zabıx" kimi qeyd olunur. Sonradan kənd böyüdükcə çayın digər sahilində - Alxan dərəsində də yeni evlər tikilib. Laçın ərazisindəki ikinci böyük körpü məhz burada - Zabux çayı üzərində qurulub.

Bütün tarixi dövrlərdə Zabux kəndinin etnik tərkibini tamamilə azərbaycanlılar təşkil edib. Bostançılıq, bağçılıq və heyvandarlıq əhalinin əsas məşğuliyyəti sayılırdı. Yaşayış sahələri əsasən, yeraltı qazmalardan ibarət “qara dam”lardan, sonralar isə müasir evlərdən ibarət olub.

Kənddə yerli zabuxlularla yanaşı qonşu Fətəlipəyədən, Fətəlipəyə Qışlağından (Bağırbəylilər), Sus Xallanlısından və Sümüklüdən köçüb gəlmiş insanlar da məskunlaşıb. Sovet hakimiyyəti illərində üç kənddən (Zabux, Sus, Qızılca) ibarət "Komsomol" kolxozuna aid inzibati binalar, orta məktəb, mədəniyyət evi və iaşə obyektləri bu kənddə yerləşib. Ermənistanla sərhəddə yerləşən kəndin ərazisində XIX əsrə aid tarix mədəniyyət abidəsi olan iki körpü var.

Tarix boyu qanlı müharibələrdən keçmiş Zabux 18 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Otuz ilə yaxın davam edən işğal dövründə kəndin mədəni-tarixi abidələri, evlər, hətta flora və faunası tamamilə dağıdılıb. 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və ordumuzun sarsıdıcı zərbələri Ermənistanı kapitulyasiya aktına imza atmağa və əraziləri boşaltmağa məcbur etdi. İşğalçı Ermənistan bundan doqquz ay sonra, 2022-ci ilin avqustunda Zabux kəndini də boşaldaraq Azərbaycana təhvil verdi. Dərhal ərazidə bərpa və quruculuq işlərinə başlanıldı və doğma yurduna qayıdan məcburi köçkünlər arasında məhz zabuxlular birincilər sırasında oldu.

Röya SALMANQIZI

Oxşar xəbərlər