Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Moz kəndi, Moz çayının sahilində, dağlıq ərazidə yerləşir. XIX əsrə aid sənədlərdə kəndin ərazisi qışlaq yeri kimi qeydə alınmışdır. Lakin sonralar Laçın rayonunun Pircan və keçmiş Muncuqlu kəndlərindən köçmüş ailələr burada məskunlaşmışdır. Kəndin ərazisindəki maddi-mədəniyyət qalıqları burada qədim yaşayış məskəni olduğunu göstərir. Keçmişdə Şərur-Dərələyəz qəzasında Moz adlı kənd və şəhər xarabalığı qeydə alınmışdır. Tovuz rayonu ərazisində də Moz kəndi mövcud olmuşdur. Antik müəlliflərdən olan Ptolomeyin (II əsr) "Coğrafi təlimnamə" əsərində Qafqaz Albaniyası ərazisində Moziata yaşayış məntəqəsinin adı çəkilir. Alban tarixçisi Movses Kalankatlı Sünik knyazlığında Mozn mahalının olduğunu qeyd edir. Tədqiqatçılar bildirirlər ki, Mozkənd, Moz, Moziata və Mozn toponimləri eyni mənşəlidir. Salyan rayonunda "ağızbaağız dolu, silə" mənasında moj sözü də işlənməkdədir. Kəndin yerləşdiyi əraziyə Mozun dərəsi deyirlər. Bu ərazilərdə iribuynuzlu mal-qara saxlamaq üçün çox yaxşı şərait vardır. Bu yerlərə bəzən də "Dəli moz" deyirlər. Kəndin adı da buradan götürülmüşdür.
İsa MUSAYEV