Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun qədim tarixə malik kəndlərindən biri də Şamkənd kəndidir. Qarabağ silsiləsində yerləşən bu yaşayış məntəqəsi Qasımuşağı tayfasına mənsub 3 ailənin Şam adlı qışlaqda məskunlaşmasi nəticəsində yaranıb. Türk dilində şam sucaq yer, bataqlıq, qamışlıq deməkdir.
Kənd olduqca sıx meşəlik ərazidə salınıb. Samkənd kəndi əvvəllər xərək, potuğa, qara dam, şirvani dam və s. kimi xüsusi tikililərdən ibarət olub . Lakin sonralar yerli tikinti materiallarından istifadə oluaraq daş evlər tikilib . Belə tikililərdən bəziləri işğala qədər qalırdı.
Azərbaycan tarixində özünəməxsus yeri olan Sultan bəy Sultanovun yay evi də bu kəndin ərazisində olub. Sovet imperiyası sonralar evi yandırsa da, divar qalıqları hələ də qalırdı.
Kəndin əsas məşğuliyyəti heyvandarlıq, arıçılıq idi. Camaat havaların istiləşməsi ilə əlaqədar olaraq dəniz səviyyəsindən 2830 metr yüksəklikdə olan Qırxiz yaylasının müxtəlif yerlərinə köçər, keçədən alaçıq qurar, soyuq düşəndə isə geri qayidardı. Samkənd kəndində orta məktəb, klub Kitabxana, xəstəxana vardı. Həmçinin kənddə toxuculuq məmulatları üstünlük təşkil edirdi. Burada meşə six olduğu üçün oduncaqlardan da müxtəlif məişət əşyaları hazirlanirdi. Kəndin ərazisində iki dəyirmanı olub.
Azərbaycan Ordusunun işğalçı Erməistan silahlı qüvvələrini məğlub etdikdən sonra, üçtərəfli Sazişə əsasən, 2020-ci il dekabrın 1-də Şamkənd kəndi işğaldan azad edilib.
İsa MUSAYEV