Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təşkil edilən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun kəndləri arasında Xudayarlı kəndinin də öz yeri var. Qumlaq Kənd İnzibati Ərazi Dairəsinin tərkibində olan bu kənd Araz çayının sol sahilində, düzənlik sahədə salınıb. Kənd öz adını burada yaşayan Xudayar yüzbaşı Çələbiyanlıdan alıb. O, 1799-cu ildə Qarabağ vilayətinin öz adını daşıyan obasında anadan olmuşdur. Molla yanında təhsil almış, atasından sonra yüzbaşılıq edən Xudayar yüzbaşı 1835-ci ildə Çələbiyanlı elinin bir neçə obası ilə Qarabağa gəlmişdir. Hələ Qaradağdan tanıdığı Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı - Cavanşirə (Cəfərqulu xan Nəva) müraciət etmiş, ondan Diridağını almışdır. Burada qışlaq qurub, yayı yaylaqda keçirmişdir. Adi bir yüzbaşı olmasına baxmayaraq, İran şahının vəliəhdi Abbas Mirzə Naibəssəltənə onu şəxsən tanıyırmış. Abbas Mirzənin vəfatından sonra Qaradağ hakimi ilə yola getməmiş, Qarabağa mühacirət etmişdir. Xudayarlı obasından Əziz Fərəc yüzbaşı oğlu çar zabiti, Teymur Fərhad oğlu isə Birinci Dünya müharibəsinin iştirakçısı olmuşdur. Azərbaycan aşıq şeirinin babası Dirili Qurbani, Dirili Surxay əslən bu kənddəndir. Kənd qədim tarixi abidələri ilə də tanınır. Anaxaqanlığı dövründən qalma Mazan nənə türbəsi, Qız qalası istehkamı, Dirili Qurbanın məzarı, Mərmər ana türbəsi və sair dediklərimizə əyani sübutdur. İkinci Dünya müharibəsi illərində əhalinin bir hissəsi Xələfli qəsəbəsinə, digər hissəsi isə Xudafərin körpüsünün yanına köçmüşdür. Ona görə kəndi bəzən Xudafərin də adlandırırlar.
İsa MUSAYEV