28.03.2024, 12:48
AZ EN
01.06.2022, 09:33 536

Qubadlı rayonu, Xələc kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Qubadlının qədim kəndlərindən olan Xələc kəndi Bərgüşad çayının sağ sahilində, dağlıq ərazidə Qarabağ silsiləsində yerləşir.

Professor Çingiz Salmanovun araşdırmalarında bildirilir ki, bu yaşayış məntəqəsinin adı Xələc türkdilli oğuz tayfasının adı ilə bağlıdır. Xələclər – erkən orta əsrlərdə Amudərya çayının cənub sahilində yaşamış oğuz tayfalarındandır. XIX əsrin ikinci yarısında Xələclər Cavad qəzasında yaşayıb və maldarlıqla məşğul olublar. Xələclər 27 tirədən ibarət olub. Xələc sözü Azərbaycan toponimiyasında omonim yer adlarındandır.

Tarixi araşdırmalara görə Xələc kəndində 300-dən çox ev olub. Kənddə 9 dükan, dəmirçixana, karvansara yerləşib. (Salyanın Xələc seyidləri Qubadlının Xələc kəndindən getmişlər).

1993-cü ilin sentyabrına, yəni erməni işğalına qədər Xələc kəndi 60 ev, 73 təsərrüfatdan ibarət olub. Bütün evlər telefonlaşdırılmışdı. 200 yerlik kənd klubu, kənd orta məktəbi, 500 başlıq mexanikləşdirilmiş tövlə (500 baş qara mal içərisində) dağıdılıb yandırılmış, 200 tona qədər taxıl ermənilər tərəfindən aparılmışdır.

Xələcdə olan tarixi abidənin - məscidin XV-XVI əsrə aild olduğu haqqında məlumat verilir. Abidənin ərazisi iki hektarı əhatə etməklə iki tərəfdən Şərq və Qərb qapıları yerləşir. Qapıların eni 3 metr 40 santimetrdir, giriş-şıxış qapılarının hər ikisinin sağ və sol tərəfindən daşdan yonulmuş oturacaqlar var. İçərisində 10 otaq olmaqla otaqların hər birinin tavanı daşla tağbənd olmuşdur. Eni 5 metr, uzunluğu 10 metr olan otağın giriş qapısından iki metr olan yonulmuş daş qoyulmuşdur. Həmin otaqda divarlarda iki tərəfdən daş taxcalar yerləşdirilmişdir. Abidəni əhatə edən qala divarlarının hündürlüyü iki metrdən çox, eni isə bir metrdir. Otaqda olan işıqlandırmanın (pəncərələr) hər birinin eni 30, hündürlüyü 50 santimetrdir. Onu da qeyd edək ki, Şərq qapısı və qalanın bir tərəfi sökülərək öküz arabaları və ulaqlarla Çardaxlı kəndinə daşınmış və orada kolxoz idarəsi və bir neçə anbar tikilmişdir...

Kənddə dairəsi 8-10 metr, dərinliyi 6 metr olan bir-birinə yaxın iki su hovuzu vardır. Bu hovuzlardan kolxozun silos yeri kimi istifadə edilirdi. Üç böyük otaqdan, taxıl anbarı və əkin ləvazimatlarının saxlanılmasında istifadə olunurdu. Uzunluğu 6 metr, eni 3 metr olan otaqda isə heç bir işıqlanma qoyulmayıb. Otağa düşdükdə dərinliyə doğru irəliləyirsən. Otaqların birində saxlanılan kitablar 40-cı illərdə elmi işçi Muradxan Cahangirovun onunla Xələcə gəlmiş ziyalılar tərəfindən seçilərək Respublika Arxivinə aparılmışdır.

Xələc dağı, Ağ yazı, Duzlaq, Sarı dərə, Qaranlıq dərə, Xaş zəmi, Çala Buşdux, Göyərçin kahası, Əsəd kahası, Damcılama, Atılmış dağı, Sarı yoxuş, Qənşər daş, Şüş daş, Yastı daş, Alma bağı, Ehsan bağı və “Qışlaq bulağı”, “Ağ bulağın”, “Hacıqulu balağı”, “Nozlu bulağı” da Xələc kəndində yerləşən yer adlarıdır.

Xələcin çox qəribə təbiəti var. Qərb tərəfdən sıra ilə düzülmüş silsilə dağlar, Şərqdən Bərgüşad çayı, Şimaldan Bərgüşadın qolu olan Xallava çayı, gen dərələri, laləli nərgizli, bənövşəli düzləri, qartallı qayaları qərinələri xatırladır.

Bu gün Səngər adlandırdığımız dağ Xələc dağıdır. Dağın əhatə etdiyi ərazinin hamısı palıd, ağcaqayın, vələs, meşələri ilə əhatə olunmuşdur...

İqlimi mülayim, suptropikdir. Ərazi geniş olduğuna görə kənddə maldarlıq, taxılçılıq, heyvandarlıq, bağçılıq inkişaf etdirilirdi. Allı-güllü yaylaqları ilə göz oxşayan Xələc həm də yay aylarında insanların istirahət məkanı olub.

44 günlük Vətən müharibəsində Zəfərə imza atan Azərbaycan Ordusu Xələc kəndini də azadlığa qovuşdurdu. Üçrəngli Bayrağımız indi Qubadlının əzəmətli dağlarında qürurla dal­ğalanır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər