01.12.2025, 14:10
AZ EN
01.12.2025, 13:49 23

İki dəfə didərgin düşən laçınlı - Səlim Mehdiyev doğma yurda qayıdışından danışır

XƏBƏRLƏR
  • İşğal vaxtı Laçını ən son tərk edənlərdən biri Səlim Mehdiyev olub. Rayon işğal olunan günü Tığik-1 kəndi yaxınlığında müdafiə mövqeyində olan 17 yaşlı gənc doğma Ərdəşəvilə gedərək kəndin tamamilə boşaldığını görür.

“Kənd tamamilə boşalmışdı, qu deyəndə qulaq tutulurdu. Evimizə gedib açıq qalmış qapıdan içəri keçdim. Stolun üstündə çamadan, onun yanında isə nənəmin yaylığı qalmışdı. Gecəni evimizdə qaldım. Ertəsi gün yaylığı və dolabda qalan ailə şəkillərini şamadana qoyub kənddən çıxdım. İki gün yol gedəndən sonra dağları-dərələri açıb Kəlbəcərə, oradan isə Murov yolu ilə Göygölə çatdım. Ailə üzvlərimizin Ağcabədi rayonunun Qaradolaq kəndində məskunlaşdığını öyrənib ora gəldim. Çamadanı və şəkilləri ailə üzvlərimizə, yaylığı 78 yaşlı Türbə nənəmə verib onları sevindirdim”,- deyə Səlim 1992-ci ilin mayında baş verən hadisələri xatırlayır.

Həmin ilin yayında onun 18 yaşım tamam olduğundan “Laçın batalyonu”nun tərkibində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə qoşulub. Batalyonda onun döyüş yolu 1993-cü ilin aprelinədək davam edib. Kəlbəcərin işğal günlərində Laçının şimal kəndlərində mühasirədə qalan döyüşçülər arasında Səlim Mehdiyev də olub. Onlar Kəlbəcərə doğru irəliləyərək gizli yollarla mühasirədən çıxmaq istəsələr də, buna nail ola bilməyiblər. Əlacsız qalan əsgərlər Kəlbəcərin ən ucqar yaşayış məntəqələrindən olan Başlıbel kəndində mühasirədə qalmış dinc sakinlərə qoşularaq kahalara sığınıblar. Səlim və onunla birlikdə səkkiz əsgər Birinci Qarabağ müharibəsinin ən dəhşətli qətliamlardan biri - Başlıbel faciəsinin şahidləri olublar.

Həmsöhbətimiz xatırlayır: “Aprelin əvvəlindən iyulun 22-dək mühasirə həyatı yaşadıq. Dörd aya yaxın hər gün boş qalmış kəndləri yağmalamağa gələn əlisilahlı ermənilərlə ilə üz-üzə gəlmək təhlükəsi altında yaşadıq. Yaşayış yerimizi bir neçə dəfə dəyişərək ölümlə həyat arasında mübarizə apardıq. Çox böyük məhrumiyyətlərlə üzləşdik, olmazın çətinliklərə tuş olduq. Nəhayət, havalar isinəndə, çaylarda suyun səviyyəsi azalanda əksəriyyəti mülki sakinlərdən ibarət Başlıbel sakinləri ilə birlikdə mühasirəni yararaq Kəlbəcərdən Daşkəsən rayonuna gəlib çıxdıq”.

Beş il əvvəl Laçın 28 illik işğaldan bir güllə atılmadan azad olunanda ən çox sevinənlərdən biri də 46 yaşlı Səlim Mehdiyev olub. Elə 2020-ci ilin dekabrında doğma yurdun ziyarətinə ilk getmək də onun qismətinə düşüb. “Elə bil dağlar, dərələr, meşələr qərib-qərib yollara boylanırdı. Bir vaxt ehtiyat və qorxu ilə keçdiyim təhlükəli yerlərə baş çəkdim, yaşadığım ağır və dözülməz günləri təzədən xatırladım. Sevinc və kədər, qürur və təəssüf hissi bir-birinə qarışmışdı. 18-19 yaşımda tərk etdiyim doğma yerləri bir də təzədən görürdüm. Bu, tamamilə başqa bir təəssürat idi”, - deyə Laçın sakini həmin günlərə qayıdır.

Laçın rayonunun Ərdəşəvil kənd sakini Səlim Mehdiyev indi “166” yükdaşıma xidmətində sürücü işləyir, işğaldan azad olunmuş ərazilərə köçürülən ailələrin məişət əşyalarını doğma ünvanlara daşıyır. Elə Laçın şəhərinə qayıdan ailələrin də bir çoxunun köçünü o aparıb...

Doğma yurd, Vətən torpağı hamı üçün əzizidir. Səlim doğma yurdu iki dəfə tərk etməli olub - bir dəfə Laçın işğal olanda, ikinci dəfə isə Kəlbəcər boşalanda. Birində Vətənin könüllü müdafiəçisi, ikincisində hərbçi olub. Ona görə də, onun üçün yurd həsrəti belə göynərtilidir. İndi tez-tez, bəzən hər gün, hər həftə yük avtomobilinin sükan arxasında həmin yerlərə üz tutsa da, Qarabağ və Şərqi Zəngəzuru dolaşsa da, yenidən dirçələn, inkişaf edən abad və müasir yaşayış məskənlərinin gözəlliyindən doymur... (AZƏRTAC)

Oxşar xəbərlər