"Vətən səsi" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib. O, dünən parlamentin növbədənkənar sessiyasıın "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasında deyib ki, beynəlxalq aləmdə "Tramp marşrutu" (TRIPP) adlandırılan Zəngəzur dəhlizi qlobal maraqları birləşdirən layihə kimi çox cəlbedicidir: "Əsas hüquqi məqam odur ki, bu tanıma keçmiş sovet ölkələri arasındakı inzibati sərhədlərin müstəqil dövlətlərin beynəlxalq sərhədləri kimi qəbul olunması prinsipinə əsaslanır. Bu isə Ermənistan hökumətinin əvvəllər irəli sürdüyü "Dağlıq Qarabağın statusu" və ərazi iddialarının beynəlxalq hüquqa zidd olduğunu təsdiqləyir. Beləliklə, Qarabağın həm sovet, həm də müstəqillik dövründə Azərbaycanın ərazisi olması faktı Ermənistan tərəfindən beynəlxalq sənədlə rəsmən qəbul edilir. Saziş, eyni zamanda, indiki və gələcək ərazi iddialarından imtinanı ehtiva edir".
Xatırladaq ki, Avropa İttifaqının 2021-ci ildə təqdim etdiyi “Global Gateway” təşəbbüsü beynəlxalq münasibətlərdə və iqtisadi əməkdaşlıq sahəsində ortaya çıxan yeni istiqamətlərin strateji hədəflərinin formalaşdırılmasını nəzərdə tutur. Həmin təşəbbüs Avropanın xarici siyasətində və qlobal nüfuzunun möhkəmlənməsində yeni bir mərhələ hesab olunur. “Global Gateway” əsasən infrastruktur, enerji, rəqəmsal texnologiyalar, nəqliyyat və təhsil sahələrində investisiya proqramlarını özündə ehtiva edən genişmiqyaslı plan hesab olunur. Təşəbbüsünün əsas məqsədi Avropa İttifaqının qlobal səviyyədə etibarlı tərəfdaş kimi çıxış etməsi, inkişaf etməkdə olan ölkələrlə davamlı və qarşılıqlı faydalı əməkdaşlıq yaratmasıdır. Burada xüsusi diqqət iqtisadi imkanların artırılmasına, dayanıqlı inkişaf hədəflərinin dəstəklənməsinə və tərəfdaş ölkələrin modernləşmə prosesinə yardımçı olmağa yönəldilib.
Elxan SALAHOV