16.03.2026, 16:33
AZ EN
16.03.2026, 15:07 201

"Xatirələr qanadında İrəvan" adlı fərdi sərgi açılacaq

XƏBƏRLƏR
  • Tarix və mədəni yaddaş bəzən sözlərdən çox sənətin dili ilə danışır. Rəssamların fırçasında canlanan bu yaddaş bizi keçmişimizə, köklərimizə və unudulmayan xatirələrə aparır. Azərbaycan Milli Xalça Muzeyində təqdim olunacaq yeni sərgi də məhz belə bir mənəvi səyahət vəd edir.

Martın 17-də Azərbaycan Milli Xalça Muzeyində rəssam Nigar Əliyevanın “Xatirələr qanadında İrəvan” adlı fərdi sərgisi açılacaq.

Qərbi Azərbaycanın zəngin milli-mədəni irsinə həsr olunan sərgidə müəllifin 2024–2026-cı illərdə kətan üzərində yağlı boya ilə yaratdığı əsərləri təqdim olunacaq.

Rəssam İrəvanla bağlı apardığı araşdırmalar əsasında ərsəyə gətirdiyi əsərlərdə milli mətbəx, xalq tətbiqi sənətinin zərgərlik, toxuculuq, tikmə, bədii metal, soyuq silah, geyim və digər nümunələrindən bəhrələnib.

Kompozisiyalarda klassik Azərbaycan rəssamlıq ənənələrinə xas ornamental və bədii elementlərdən, xüsusilə Mirzə Qədim İrəvani üslubunun incəliklərindən məharətlə istifadə olunub.

“Xatirələr qanadında İrəvan” sərgisi tamaşaçıları keçmişə, öz köklərinə, doğma yurdlarının izlərinə və yaddaşlarda yaşayan xatirələrə doğru aparır. Zaman keçsə də, xatirələr yaşayır və insanı doğma torpaqlarla bağlayan görünməz körpüyə çevrilir.

Qeyd edək ki, Nigar Əliyeva yaradıcılığı ilə Azərbaycanı ölkə daxilində və beynəlxalq məkanda uğurla təmsil edən rəssamlardandır. O, ABŞ, Pakistan və Gürcüstan da daxil olmaqla müxtəlif ölkələrdə keçirilən sərgilərdə iştirak edib. İrəvanla bağlı təqdim olunan sərgi isə ideya və məzmunu baxımından digərlərindən fərqlənir. Bu yalnız keçmişə baxış deyil, eyni zamanda tariximizin, mədəniyyətimizin və milli yaddaşımızın qorunub yaşadılmasının, həmçinin onların gələcək nəsillərə ötürülməsinin vacibliyini ifadə edən mühüm mesajdır.

Sərgi martın 31-dək davam edəcək.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər