Seyid Şuşinski və pedaqoq Nəriman Əliyev kimi görkəmli insanlardan ifaçılıq ənənələrini mənimsəyib və muğamın sirlərinə dərindən yiyələnib. Qulu Əsgərov bütün muğam dəstgahlarını yüksək peşəkarlıqla və ən incə cizgiləri ilə dinləyiciyə çatdıra bilirdi. O, yaradıcı xanəndə idi. Xalq arasında dillər əzbəri olan bir sıra mahnı və təsniflərin müəllifidir.
Xanəndə uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi çalışıb. O, bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar yaradıb. “Məcnun”, “İbn-Salam”, “Kərəm”, “Aşıq Qərib” və “Şah İsmayıl” obrazlarını böyük aktyorluq məharəti ilə hərtərəfli tamaşaçılara çatdırmağa nail olub.
Qulu Əsgərov həm də, xanəndəlik sənəti üzrə böyük bir ifaçı nəsli yetişdirən gözəl müəllim olub. Onun davamçıları olan xanəndələr muğam sənətində nailiyyətlər əldə edərək, ustadın ənənələrini bu gün də yaşadırlar.
Deyilənə görə, onun ömür boyu fəxri ad ala bilməməsində birinci həyat yoldaşının rolu olub. Yüksək vəzifədə işlədiyi üçün Qulu Əsgərovun fəxri ad almasına imkan verməyib. Hətta ayrıldıqdan sonra belə hər dəfə adı fəxri ad siyahısına düşsə də, keçmiş yoldaşının əli ilə siyahıdan çıxarılırmış. Amma buna baxmayaraq xalq öz sənətkarını həmişə böyük məhəbbətlə yad edib.
Azərbaycanın sevilən sənətkarı Qulu Əsgərov 1987-ci il iyunun 11-də 58 yaşında ağır xəstəlikdən dünyasını dəyişib. Allah rəhmət eləsin.
Mina RƏŞİD