25.06.2025, 12:53
AZ EN
05.01.2024, 12:18 437

Ey vətənini sevən, xalqına aşiq rəhbər, biz Sənə inanırıq...

YARADICILIQ
  • Azərbaycan ədəbiyyatında, poeziyasında, öz dəsti-xətti ilə, elmi-nəzəri düşüncələri ilə tanınan, sevilən istedadlı xanımlarımız çoxdur. Bunlardan biri də Adilə Nəzərovadır.

Çoxlarımızın yaxından, çoxlarımızın sosial şəbəkədən tanıdığımız, şeirlərini, elmi, fəlsəfi düşüncəli yazılarını sevə-sevə oxuduğumuz şairə Adilə Nəzər 1970-ci il mayın 26-da Şərur rayonunun Şəhriyar kəndində anadan olub.

O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Respublikası Təhsil İnstitutunun Aparıcı elmi işçisidir.

Qeyd edək ki, istedadlı şairənin "Aşıq Ələsgər yaradıcılığında sufizm" adlı kitabı böyük sevgi və uğurla qarşılanmışdır. Azərbaycan aşıq ədəbiyyatının əbədiyyət qolu sayılan ustad Aşıq Ələsgər yaradıcılığının araşdırılmasında böyük zəhməti olan Adilə Nəzər “Dədə Ələsgər Ocağı" İctimai Birliyi tərəfindən təsis edilən "Aşıq Ələsgər" medalı ilə təltif olunmuşdur.

Şeirləri Türkiyə türkcəsinə, rus, fars, fransız və özbək dillərinə tərcümə olunub. 12 kitabın, o cümlədən 9 şeirlər kitabının, 45 elmi, 40 publisistik məqalənin müəllifidir.

Mütəmadi olaraq, dövrü mətbuatda — qəzet və dərgilərdə, saytlarda dərc olunur. O, Azərbaycanda və bir sıra xarici ölkələrdə elmi konfranslarda, festivallarda və ədəbi toplantılarda iştirak edir.

Şairənin gözəl şeirlərindən bir neçəsini "Vetensesi.az"ın oxucuları ilə bölüşürük.

 

BİZ SƏNƏ İNANIRIQ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ithaf

 

 

 Ey vətənini sevən, xalqına aşiq rəhbər,

 Hər gün xeyir əmələ imza atan igid, ər,

 Qırx dörd günlük savaşda sevindirən xoşxəbər,

 Biz sənə inanırıq!

 

 Əzimli bir ürəyin, möhkəm, duru yaddaşın,

 Həm döyüş meydanında, həm masada savaşın...

 Şahdağ, Tufandağ kimi ucadır uca başın,

 Biz sənə inanırıq!

 

 Bir əzəmət, bir vüqar vardır sənin özündə,

 Söz verdin öndərə və dayandın öz sözündə.

 Bütöv Azərbaycanın şamı yanır gözündə...

 Biz sənə inanırıq!

 

Sən təkcə bizim deyil, daha çoxun kəsisən,

Vətəndən kənardakı vətəndaşın səsisən,

Ölkəmin tarixinin şanlı səhifəsisən,

Biz sənə inanırıq!

 

Haqq-ədalət uğruna canımızdan keçərik,

Məqsədə çatmaq üçün yüz ölçüb bir biçərik,

Neçə yol seçki olsa yenə səni seçərik,

Biz sənə inanırıq!

 

VƏTƏN

Qış günündə üzdə çiçək açdıran,

Gecəmizə gün işığı saçdıran,

Yağıları el-obadan qaçdıran

Bu zəfərin mübarəkdir, ey Vətən!

 

Səman geniş hey uçduqca uçasan,

Torpağını ana kimi qucasan,

Qələbənlə Qaf dağından ucasan,

Bu zəfərin mübarəkdir, ey Vətən!

 

Olmaz imiş, sözdür, dostu düşənin,

Dostu aldı qəlbin “qəlbişüşənin”,

Söylənəcək yüz il fəthi Şuşanın,

Bu zəfərin mübarəkdir, ey Vətən!

 

Haqq deyənlər, haqq yolundan azdılar,

Tarix boyu sənə quyu qazdılar,

...Oğulların şanlı tarix yazdılar,

Bu zəfərin mübarəkdir, ey Vətən!

 

Qürurluydu bu Qarabağ səfəri…

Bu torpağın hər oğlu, hər nəfəri,

Qanımızla qazanmışıq zəfəri,

Bu zəfərin mübarəkdir, ey Vətən!

 

Şuşamızda dağlar başı dumanlı,

Daha bir də kimsə olmaz gümanlı,

Qazin rəşadətli, Şəhidin sanlı,

Bu zəfərin mübarəkdir, ey Vətən!

 

Xarı bülbül gələr bu yaz, səcdənə,

Dursam min il, yenə də az, səcdənə,

Dayanıbdı bütün Qafqaz səcdənə,

Bu zəfərin mübarəkdir, ey Vətən!

 

TÜRKÜN ŞANLI BAYRAĞI

 

Qardaşlıq körpüsünün qədim təməl daşıyam,

Düşmənin can qorxusu, dostun sevinc yaşıyam,

Eşqindən od almağa hazır çaxmaqdaşıyam,

Sənə sevgimdən gəlir köksümdəki bu yanğı,

Türkün şanlı bayrağı!

 

Gülsən, gülün şəninə neçə bülbül ötsə az,

Ulduzlar işığından üzərinə səpsə az,

Qaldırıb başım üstə milyon kərə öpsəm az,

Hak etmisən nə vaxtdır Turana asılmağı,

Türkün şanlı bayrağı!

 

Sənindir, can Türkiyəm, sonsuzadək hürriyyət,

Sən ey qutlu sevdamız, - yüz illik cumhuriyyət,

Səndə qurulur büsat, düyün-dərnək, ünsiyyət,

Gücünü bilən gəlir əldə zeytun budağı...

Türkün şanlı bayrağı!

 

Sıyrılıbsan qılınc tək gecələrin qınından,

Kim etinasız keçər qüdrətinin yanından?!

Rəng alıbsan torpağa düşən şəhid qanından,

Səmaların əsgəri, ədalətin sancağı,

Türkün şanlı bayrağı!

 

Nə qədər ki, millət var, nə qədər var bu diyar,

Hər bir türkün qəlbində əbədi bir yerin var,

Biləcəkdir hər qaya, hər dağ, ağac səni yar,

İstəyəcək səni öz zirvəsinə taxmağı,

Türkün şanlı bayrağı!

 

ÖMÜRLÜK QƏLBLƏRƏ KÖÇƏN ŞƏHİDLƏR

 

Yolumuz Şəhidlər xiyabanına,

Gözümüz dolsa da, biz qürurluyuq.

Nə qütsal gündür bu -Şəhidi anma,

Qəlbimiz kövrəlir, üzü nurluyuq.

 

Bax, burda qəhrəman bir oğul yatır, -

Əliyalın gedib düşmən üstünə.

Adına-sanına yeni şan qatıb,

Hamı baş endirir indi büstünə.

 

Gözlərdən süzülən sel şəhid deyir,

Hər iki dünyada canlı oğullar.

Ana oğul deyir, el şəhid deyir,

Bu adla anılır şanlı oğullar.

 

Gələn nəsillər də xatırlar sizi,

Biri and içəndə, biri əhd edər...

Xalq uca tutacaq xatirinizi,

Ömürlük qəlblərə köçən Şəhidlər!

 

XANKƏNDİ

 

İndi növbə sənindir,

Sənə açacaq səhər.

Gəlirəm görüşünə,

Xankəndi, ey Xan şəhər.

 

Çıxdım yasdan-qüssədən,

Üzüm gülür, sən də gül.

Ölümlə bir beşikdə

Yürgələndik otuz  il....

 

Səs ver mənim səsimə,

Sona yetibdi matəm,

Sənə uçur ürəyim,

Təki qoynuna yetəm.

 

Düşmənin sayı çoxdu,

gələn-gedən daş atdı,

Yaxandan tutan mələk

Əllərini boşaltdı...

 

Bizdən nigaran ruhun

Aram oldu, dincəldi.

Tanrıya şükür olsun,

Nəhayət o gün gəldi..

 

Gözlə səhər açılsın,

Gəlim, a bərəm, bəndim,

Çıx yoluma, qarşıla,

Xan şəhərim Xankəndim.

 

Yağıların izini,

yuyaram, təmizlərəm...

O mübarək üzünü

Oxşayıb əzizlərəm.

 

Eşqinlə bülbül kimi,

Bağlarında ötərəm.

Müqəddəs yelə dönüb

Nəfəsindən öpərəm.

 

Titrəməsin qanadın

Yaralı göyərçin tək.

Günəşə od veribdi

Səndəki odlu ürək.

 

Qıl körpüdən keçmisən,

Qurbanam hər anına,

Unut mənfur düşməni

BANUN gəlir yanına. 

Xurşud Banu Natəvan və Adilə Banu...

 

Şəfalı əllərimlə

Yaranı sarıyaram.

Qəlbimin işığıyla

Zülmətləri yararam!

 

Düşmüşəm addım-addım

Həqiqətin izinə.

Gözlə, səhər açılsın

Günəş doğsun üzünə.

 

Qaçıb gedər pusquda

duran ala qarğalar.

Türkün ordusu gəlir,

tab gətirməz dığalar.

 

Qalx ayağa, dağa bax,

Günəşə bax, bağa bax.

Başı buludda olan

Üçrəngli bayrağa bax!

 

Xanlarını yada sal,

Dərindən bir nəfəs al.

İndi növbə sənindir,

Sənə açacaq səhər,

Gəlirəm görüşünə,

Xankəndi, ey Xan şəhər.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər