21.11.2024, 16:28
AZ EN
08.11.2022, 07:20 764

ZƏFƏR GÜNÜN MÜBARƏK!

YARADICILIQ

Mina RƏŞİDin şeirləri...

 

HƏR ŞƏHİD BİR BAYRAQDI

Bu ana Vətənimin

Haqq səsidi Şəhidlər.

Min bir adın içində

Müqəddəsdi Şəhidlər!

 

Şəhid oldu oğullar

Vətən yaşasın deyə.

Qarabağ azad olub

Haqqa qovuşsun deyə

 

Şəhidlərin adları

Bütün eli dolandı.

Bayrağımız Şuşada,

Laçında dalğalandı...

 

O quruca torpağın,

Daşın sağ olsun, Vətən!

Hər Şəhid bir bayraqdı

Başın sağ olsun, Vətən!

 

ZƏFƏR GÜNÜN MÜBARƏK!

Sən yenidən doğuldun,

Bu gün sənin günündü.

Bu gün bizim günümüz,

Bu gün mənim günümdü.

 

Haqq, ədalət nişanı

Qanadlanır bayrağım.

Bu gün bütün dünyada

Dalğalanır bayrağım.

 

Bütün türk dünyasının

Üzü gülür bu gündə.

Biz Zəfər qazanmışıq

Sevinir ay da, gün də!

 

Ali baş komandanım

Dincəlmədi bir an da.

Hərə bir əsgər olub

“Dəmir yumruq” olanda...

 

Bütün dünya gördü ki,

Haqqın öz divanı var.

Şəhidlər al qanıyla

Böyük tarix yazdılar.

 

Sinəsini yurduma

Qurban edən oğullar.

Başınıza dolanım,

Qazilər – uca dağlar!

 

Kövrəlirəm, həm də ki,

Qürurlanır ürəyim...

Azərbaycan anamdı,

Qarabağ göz bəbəyim.

 

Nələr çəkdi başımız

Unutmayaq heç gərək.

Gözlərin aydın, Vətən,

Zəfər günün mübarək!

Zəfər günüm mübarək!

 

ŞƏHİD ATASI

Doğum günün mübarək,

Nahid balam, necəsən?

Ürəyimin parası,

Şəhid balam, necəsən?

 

Bulud kimi dolub, bax,

Anan da, "Salam!"- deyir.

Bacı-qardaşların hey,..

Hey səni əzizləyir.

 

Şəhidlər ölmür, uca

Zirvədə qarsan, oğlum!

Fəxr edirəm səninlə

Nə yaxşı varsan, oğlum!

Oxşar xəbərlər