25.06.2025, 06:37
AZ EN
10.02.2025, 16:20 273

Salam, ay Vətənim, salam, ay Şuşa!

YARADICILIQ

Bağrıma basmağa gəlmişəm səni,

Salam, ay Vətənim, salam, ay Şuşa!

Bizim həsrətimiz otuz il çəkdi,

Gözünə inanmır adam, ay Şuşa!

 

Sən mənim ruhumun, cismimin təni,

Həsrətdən saçıma salmısan dəni,

Bilirdim haçansa alacam səni,

Ölmədi qəlbimdə inam, ay Şuşa!

 

Bağrıma basmağa gəlmişəm səni,

Salam, ay Vətənim, salam, ay Şuşa!

 

Yolunda can verdi xeyli cavanlar,

Torpağın üstünə töküldü qanlar,

Çəkildi dağlardan qara dumanlar,

Sən indi azadsan tamam, ay Şuşa!

 

Bağrıma basmağa gəlmişəm səni,

Salam, ay Vətənim, salam, ay Şuşa!

 

Həsrətin yükünü daşıyan övlad,

Talaqla dünyanı boşayan övlad,

İçində intiqam daşıyan övlad,

Səninçin qaldırır qiyam, ay Şuşa!

 

Bağrıma basmağa gəlmişəm səni,

Salam, ay Vətənim, salam, ay Şuşa!

 

Bənzərin, oxşarın yox yer üzündə,

Axır ki, rahatlıq tapdın özündə,

Çox şükür, Şuşada, Cıdır düzündə,

Səsləndi şəninə muğam, ay Şuşa!

Bağrıma basmağa gəlmişəm səni,

Salam, ay Vətənim, salam, ay Şuşa!

 

Otuz il xəyala daldı Səbuhi,

Qürbətdə Vətənsiz qaldı Səbuhi,

Axır ki, Şuşanı aldı Səbuhi,

Bəxş etdin sən mənə məqam, ay Şuşa!

 

Bağrıma basmağa gəlmişəm səni,

Salam, ay Vətənim, salam, ay Şuşa!

Bizim həsrətimiz otuz il çəkdi,

Gözünə inanmır adam, ay Şuşa!

Gözünə inanmır adam, ay Şuşa!

                                     Faiq ŞUŞALI

Oxşar xəbərlər