Bu yaxınlarda "Türk Dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsində uğurlu iştiraka görə "Türk Dünyası İnfo" İctimai Birliyi tərəfindən Diplomla təltif edilmişdir.
Elbrus Qayalı doğma Vətəndən məcburi köçkün düşəndən sonra qəlbini Sözlə ovundurmağa çalışıb. qələmə aldığı hər misrasında Vətən, Yurd deyib. Qəlbində ağrılardan qidalanan bir Vətən göyərib...
Nigaran qoyub gəldiyi doğma kəndinin həsrətinin nazını çəkə-çəkə uzaqdan-uzağa onu sözlə oxşayıb, qaranlıq gecələrinə işıq olub, buza dönən, yağı düşmən tərəfindən dağıdılıb viran edilən doğma yurdunu qəlbinin közü ilə alovlandırıb:
Yan ürəyim, yan, sən yan ki, Vətən yaşasın, deyib nəğməkar şair....
Vətən də yaşadı, o gün də gəldi, 44 gündə Zəfər çalan oğullara qoşulub, Elbrus Qayalı Vətənə döndü...!
Elbrus müəllimin arzusu Qubadlıda yaşayıb yaratmaqdır. Vətən oğluna Vətən dolu günlər arzulayırıq...
Nəğməkar şairin bir neçə şeirlərini "Vetensesi.az" oxucularına təqdim edirik.
QUBADLIDANAM
Dostlar, fəxr edirəm Qubadlıdanam,
Əlyarım, Bəylərim, Nəbim var mənim.
General Valehim, igid Aslanım,
Aqildən yazmağa təbim var mənim.
Dillərdə əzbərdi Dədə Süleyman,
Elin sevənlərə vəfam var mənim.
Dar gündə elimə, obama həyan,
Vasilim, Kərəmim, Səfam var mənim.
Kamran Hüseynovum, Eldar Baxışım,
Onların şəninə yazım var mənim,
Qəhrəman Şükürüm, Həsən Qorxmazım,
Dəf düzüm, Gəyənim, Yazım var mənim.
Arif Heydərovun, şair Ramizim,
Jurnalist Eyruzum, Əlim var mənim.
Həkəri, Bərgüşad bizimdir –bizim,
Qədirbilən obam – elim var mənim.
Qoçaq Kazımağa, cəsur Ələkbər,
İgidlər məskəni elim var mənim.
General Maisim qanında təpər,
Dağlar zirvəsində zilim var mənim.
Orda şıx Mirsədi, orda şux Mirim,
Neçə gözəl ayım, ilim var mənim.
Hər daşı səcdəgah, hər kolu pirim,
Orda gövhərim var, ləlim var mənim.
VƏTƏNDİ
Dünya seyrangahdı, sehrçi mənəm,
Əbədi məşələm, mən çətin sönəm,
Allah möhlət versin yurduma dönəm,
Vətənə borcum var, minnət Vətəndir!
Vüqarlı dağlarla girib yarışa,
Hərtizlə, Kəpəzlə durardıq qoşa,
Vətənsiz bir insan gələrmi xoşa?
Qəriblik zillətdi, cənnət Vətəndi!
Qürbət yerdə səbrim yaman tükəndi,
Dərd bürüdü, Ağrı dağa söykəndi,
Demə, Elbrusun hissi ötəndi,
Qəriblik zülmətdi, cənnət Vətəndi!
BAYRAĞIM
Ucadan dalğalan, baxıb sevinək,
Kükrəyən sel kimi axıb sevinək,
Düşməni yandırıb, yaxıb sevinək.
Layiqsən ən gözəl taca, Bayrağım,
Ay mənim üçrəngli uca Bayrağım!
Şərəfli yolların olsa da çətin,
Yayılıb hər yana şanın-şöhrətin,
Sən güvənc yerisən bizim millətin.
Köksündə Ay, Ulduz qoşa Bayrağım,
Dünya yaşadıqca yaşa, Bayrağım!
Göy də ürəyimcə, yaşıl da, al da,
Səndən gözəl bayraq varmı dünyada?
Uğurlar diləyək sənə bu yolda.
Qürur mənbəyisən bizə, Bayrağım,
Səni gəlməyəsən gözə,Bayrağım!
Sevincə, kədərə, aha əyilmə,
Heç bir hökmdara, şaha əyilmə,
Səni çox sevirəm, daha əyilmə.
Ən uca dağlarla qoşa Bayrağım
Dünya yaşadıqca yaşa, Bayrağım!
A DOĞMA KƏNDİM
Yenə gələcəyəm görüşünə mən,
Deyəcəm xoş gördük, a doğma kəndim.
Yenə yarıyacam hər işinə mən,
Deyəcəm xoş gördük, a doğma kəndim.
Həvəslə gəzəcəm, eli, obanı,
Özüm yandıracam, sönmüş sobanı.
Təbrik edəcəyəm qoca, cavanı,
Deyəcəm xoş gördük, a doğma kəndim!
Gəlib düz çıxacam Daşlı təpəyə,
İllərlə gözləri yaşlı təpəyə.
Qartallar məskəni quşlu təpəyə,
Deyəcəm xoş gördük, a doğma kəndim.
Gəzib seyr edəcəm talan kəndimi,
Həsrətdən bənizi solan kəndimi.
Kövrəlib gözləri dolan kəndimə,
Deyəcəm xoş gördük, a doğma kəndim.
Deyəcəm xoş gördük, a doğma kəndim.
ŞANLI ORDUMUZ
Murovla durdun qoşa,
Əhsənsənə,min yaşa!
Sən layiqsən alqışa
Adlı – sanlı Ordumuz,
Bizim şanlı Ordumuz!
Düşmənlərə çək dağı,
Şuşaya sanc bayrağı.
Salamla, Qarabağı.
Adlı – sanlı Ordumuz!
Bizim şanlı Ordumuz!
Yolun dağ, dərə çətin,
Biraz da dayan mətin.
Fəxrisən, biz millətin
Adlı - sanlı Ordumuz,
Bizim şanlı Ordumuz!
Aman vermə, düşmənə,
Zaman vermə, düşmənə.
Güman vermə, düşmənə
Oğuzqanlı Ordumuz,
Bizim şanlı Ordumuz!
YOL VER ARAZ, YOL VER, GEDƏK TƏBRİZƏ
Yüz illərdi duzu səpib yaraya,
Ayrılığı kimlər saldı araya?
Eyni millət çata bilmir haraya.
Dərdimiz boy atıb, çıxıbdı dizə,
Yol ver Araz, yol ver, gedək Təbrizə.
Bölünübdü iki yerə ürəyim,
İntizardan zəhər olub çörəyim,
Yaman gündü, qardaş olub gərəyim.
Tükənib dözümüm, baxmayır sözə,
Yol ver Araz, yol ver, gedək Təbrizə.
Doğmalar yan-yana düzülü qalıb,
Əli əlimizdən üzülü qalıb,
Gözümüz leysantək süzülü qalıb.
Həsrətdən qəlbimiz dönübdü közə,
Yol ver Araz, yol ver, gedək Təbrizə.
Tahirə AĞAMİRZƏ