2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olub, I dərəcəli diploma sahib olub. 2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimidir. “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını 2012-ci ildə uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2015-ci ilin mayında Müasir Azərbaycan dili kafedrasının dosenti vəzifəsinə seçilib. 2015-ci ilin dekabr ayında Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifəsinə təyin edilib. 2013-cü ildən “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda araşdırmalar aparıb və dolğun nəticələr əldə edib. Dissertasiya işi müzakirələrdən uğurla çıxaraq müdafiəyə təqdim olunub. Mahirə xanım 2017-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda yüksək səviyyədə müdafiə edərək 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini alıb.
Əsli Qərbi Azərbaycandan olan alim-şair Mahirə Nağıqızının Vətən qoxulu şeirlərindən “Vətən səsi”nin oxcularına təqdim edirik.
SALAM OLSUN
Ey tarixi sətir-sətir yaradanlar,
Nə şanlısız, şanınıza salam olsun!
Qalacaqdır bu tarixdə var olanlar,
Silinməz ad-sanınıza salam olsun!
Rəzil oldu bizi qüvvə saymayanlar,
Qanda batdı qan içməkdən doymayanlar.
Bu milləti yıxılmağa qoymayanlar,
Dünyada hər anınıza salam olsun!
Adı qalar zaman-zaman Sər doğanın,
İzi qalmaz hər olanın, hər doğanın.
İlham, sənin, Rəcəb Təyyub Ərdoğanın,
Həmişə var canınıza salam olsun!
Şəhidlərim, haqqınız var çiynimizdə,
Kəfən geydik, qalacaqdır əynimizdə,
Çıxmayacaq, yaşayacaq eynimizdə,
Tökülən al qanınıza salam olsun!
Ələm idi, qüssə idi hər çağımız,
Otuz ildən sonra güldü növrağımız.
Dalğalandı Şuşada al bayrağımız,
Qurban olum, hamınıza salam olsun!
ANA DİLİM
Bu dünyanın yaşı qədər tarixin var,
Sonu qədər, başı qədər tarixin var.
Dağı qədər, daşı qədər tarixin var,
Ha baş vursam bitməz qatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!
Orxonlardan üzü bəri yazın qalıb,
Altaylardan Balkanlara izin qalıb.
Çox dillərdə rəddin qalıb, izin qalıb,
Qurdnan görər qiyamatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!
Ucsuz Qıpçaq çöllərindən havalandın,
Qədim Oğuz ellərindən havalandın,
Qopuzumun tellərindən havalandın,
Sənlə atdım qaramatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!
Yurd yaratdın, xalqıma ev-eşik oldun,
Laylalarla ruhumuza beşik oldun.
Dünyamızın sərhədinə keşik oldun,
Millət etdin el-elatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!
Nizaminin hikmətini sən yaratdın,
Nəsiminin qüdrətini sən yaratdın,
Füzilinin fitrətini sən yaratdın,
Hikmət dolu söz büsatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!
Yasaların kəmfürsətə ox olacaq,
Yadlar səndə əriyəcək, yox olacaq.
“Azərbaycan”, “Heydər baba” çox olacaq,
Onlar övlad hesabatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!
Sən şahidsən, kimlər gəldi, kimlər getdi,
Oğlun-qızın haya çatdı, dada yetdi.
Bələdçisi Həsən Mirzə səni etdi,
Mahirənin kainatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!
GÖZƏLDİR
Körpələri dünyanın bu üzündə,
İməkləyib, day duranda gözəldir;
Vətən, sənin oğulun da, qızın da,
Vətən- deyib, hay vuranda gözəldir.
Nə zamandı qarı düşmən suçundan,
Alammadım Küküdağın gücündən.
Qartalların Ələyəzin ucundan,
Havalanıb qıy vuranda gözəldir.
İsti səni karıxdırıb yoranda,
Çıx Talışa darıxanda aranda,
Dağnan meşə qoşalaşıb duranda,
Allah haqqı, bir Piranda gözəldir.
Od içindən durub gələn millətim,
Əsri əsrə vurub gələn millətim,
Çoxlarını yorub gələn millətim,
Qol bağlayıb, boy quranda gözəldir.
Ayrılmadı sevdalısı yarından,
Babadağın tükənməyən qarından.
Girdmançayım olanından, varından
Nəyi varsa hayqıranda gözəldir.
Arzularım Araz olub sellənib,
Axıb gedib Urmiyada göllənib.
Savalanda ümidlərim dillənib,
Ərdəbildə toy quranda gözəldir.
Naxçıvanım ululardan uludu,
Nağıqızı əlibağlı quludu.
Saraybulaq tomarlayıb buludu,
Kömürlüdə tay vuranda gözəldir.
UFACIQ-UFACIQ
Xəyalımla ömrü verdim
Yelə, ufacıq-ufacıq.
Sinəm torpaq, qəlbim kərdim,
Ələ ufacıq-ufacıq.
Güman yüzdü, yol birdimi,
Umud gedəsi yerdimi?
Balan kimi al dərdimi,
Bələ ufacıq-ufacıq.
Atımdan endirdin məni,
Nə dinib-dindirdin məni.
Od olub döndərdin məni
Külə ufacıq-ufacıq.
Adına saldım mehrimi,
Həsrətin yardı zəhrimi.
Bir deyirdim, yar qəhrimi
Bölə ufacıq-ufacıq.
Vüsal gülün bitirmədin,
Dərib mənə gətirmədin.
Yandım, adım gətirmədin
Dilə ufacıq-ufacıq.
Daha dönmə beşə yerə,
Nə səpəsən, nə göyərə...
Qəsdin budurmu, Mahirə
Ölə ufacıq-ufacıq?..
BİRDİ
O da dağ, bu da dağ, ayrı-ayrıdı,
Çayını aparan dərəsi birdi.
Yalında gözləyə, yan-yörəsində
Yüz ovçu dayana, bərəsi birdi.
Kimdi ox olanı, kimdi yay çəkir,
Kimdi qazan asan, kimdi pay çəkir?
Neçə min ildir ki, ərlər hay çəkir,
Dərdləri cürbəcür, nərəsi birdi.
Nədi istədiyin, gəzdiyin nədi,
Əlin uzatdığın, üzdüyün nədi?
Dərman axtarmaqdan bezdiyin nədi,
Yüz dərdin dərmanı, çarəsi birdi.
Müxənnət olanın bəhanəsi çox,
Mərdin haqdan savay istədiyi yox.
Hal əhli olanın gözü-könlü tox,
Yolunun hər yanı, yörəsi birdi.
Kimdi baş açanı qoca dünyanın,
Sirri özündən də uca dünyanın.
Mahirə, bu fani, becə dünyanın
O üzü, bu üzü – hərəsi birdi
DAĞLARIN
Duman, oralara apar,
Qardı çarası dağların.
Bir qar dənəsində tapar
Məlhəm, yarası dağların.
Məntək qüssədən əzilib,
Yaşı gözündən süzülüb,
Qar xiffətindən üzülüb,
Qalıb harası dağların...
Duman örpəyin açmadı,
Yar deyib üstə qaçmadı.
Möhnətdən, dərddən uçmadı,
Çıxdı qorası dağların.
Dərd qarsıdıb, rəngi solub,
Himə bənddi, gözü dolub.
Hamımıza umud olub
Səfi, sırası dağların.
Yaz gələr, yenə dillənər,
Coşar, fərəhnən sellənər
Binələriynən şenlənər
Yanı-yörəsi dağların.
Xəbəri yox, könül verdim,
Ayağına xalı sərdim,
Mahirə, kim çəkər dərdin
Səndən sorası dağların?
QAR HAVASI VAR
Haraya getsəm də, Vətən, ay Vətən,
Könlümdə ruhunun var, havası var.
Ayrılıqdı bilməm, xiffətdi - bilməm,
Sənsiz hər tərəfdə qar havası var.
Köksündə dondurmaz ayazı qışın,
İstisi bəsimdi bircə qarışın.
Qürbətdə küləyin, yağan yağışın,
Səsində bir ahu-zar havası var.
Qadın duasında, qız duasında,
Bir dilək süslənər öz yuvasında.
Hər fəslin nemətdir, ab-havasında
Bağça havası var, bar havası var.
Sirri saxlayanın sırdaşı olmaz,
Bir qoru, bir saxla, bir daşı olmaz.
Mahirə, dərd onun yoldaşı olmaz,
Kimin ki, qəlbində yar havası var.
KÖHNƏDİ
Zaman gedər, zaman gələr,
Dünyanın çarxı köhnədi.
Buluddan yağış ələnər,
Aparan arxı köhnədi.
Hər vaxtın bir bezarı var,
Bilməzsən nə azarı var.
Demə təzə bazarı var,
Dünyanın nırxı köhnədi.
Hara gedir bu kənd seçən,
O səmt seçən, bu səmt seçən?
Bilmədi ki, səmənd seçən,
At təzə, ilxı köhnədi.
Dərdi əyirmə cəhrədə,
Nə görəsən ki, bəhrədə?
Çürüyən südü nehrədə,
Çalxala, çarxı köhnədi.
Danış, dərdin mənə gəlsin,
Təki sənin üzün gülsün.
Taxda çıxan hardan bilsin,
Çıxdığı taxtı köhnədi.
Mahirə dərvişdi gəldi,
Gəlməzdi, bir işdi gəldi.
Vaxt felinə düşdü gəldi,
Bilmədi vaxtı köhnədi.
Hazırladı: Mina RƏŞİD