1990-cı ildə Azərbaycan Texniki Universitetinə (keçmiş Politexnik İnstitutu) qəbul olunub. 1998–2001-ci illərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (keçmiş BSİPİ) "Dövlət və bələdiyyə idarəetməsi" istiqaməti üzrə ikinci ali təhsil alıb.
Ə.Qoşalı Dövlət orqanlarında iş təcrübəsinə 1996-cı ilin fevral ayında Gənclər və İdman Nazirliyi, Gənclərlə iş üzrə Baş İdarəsinin "Sosial proqramlar" şöbəsində təlimatçı olaraq başlayıb. Həmin ilin aprel ayından isə nazirliyin "İctimai-siyasi" şöbəsinin baş təlimatçısı vəzifəsinə keçirilib və 2000-ci ilin aprelinədək burada çalışıb. Azərbaycanda ATATÜRK Mərkəzi yaranandan əmək fəaliyyətini burada davam etdirib. Hazırda Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin eksperti vəzifəsində çalışır.
Gənclər Təşkilatları Milli Şurasının sədr müavini, Komissiya sədri olub.
Ə. Qoşalı, eyni zamanda Milli QHT Forumu İdarə Heyətinin (2006-cı ildən bəri) üzvü, Azərbaycan Yazıçılar Birliyi (AYB) Nəzarət-təftiş Komissiyasının sədr müavini (2014-cü ildən bəri), AYB-nin orqanları – "Ədəbiyyat Qəzeti"nin və "Ulu Çinar" jurnalının redaksiya heyəti üzvü, CASCFEN Məclisinin üzvü, www.dgtyb.az; www.bizimyazi.az ədəbi saytlarının baş redaktorudur. Özbəkistanın "Kitab Dünyası" qəzetinin (2017), Türkiyədə çıxan "Yüce Erek" dərgisinin (2001), habelə "Kərkük" qəzetinin (2006) Azərbaycan təmsilçisidir. Sumqayıtdakı Əli Kərim adına Poeziya Klubunun fəxri üzvüdür.
Əkbər Qoşalının müəllifi, tərtibçisi, redaktoru olduğu 40-a yaxın bədii, elmi kitabı çap edilib. Əsərləri bir neçə dilə tərcümə olunaraq yayımlanıb. Dəfələrlə ölkə daxilində və xaricində keçirilmiş uluslararsı konfrans, simpozium və festivallarda nümayədə və nümayəndə heyətinin başçısı olaraq iştirak edib. Əkbər Qoşalı bir çox yerli və beynəlxalq mükafatların sahibidir.
İstedadlı şairin Zəfər nəğməli şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.
(Şuşa uğrunda döyüşmüş Vətən oğullarının adına bağışlayıram)
Ayağımız toxunub,
Nəfəsimiz dəyincə
Torpağına gül-çiçək,
Göyünə quş qayıdan,
Kor olan bulağına
Dirilib su qayıdan
Canımın canı şəhər!
Mənim qədim ölkəmin
Hər şəhəri əzizdir.
Şəhərlər inciməsin,
ancaq bu söz elə bil,
Sənin üçün yaranıb,
sənin üçün biçilib:
Əziz Şuşa!
Əziz Şuşa!
Demirəm,
biz səni
ana kimi,
bala kimi sevirik,
Çəmənində göy ota,
göy üzündə buluda,
quşa kimi sevirik;
Əziz Şuşa,
biz səni
Şuşa kimi sevirik!
Hər yerdə ağ bulud var,
Göyüzünün quşları -
Quş varsa, qanadı var;
Su çoxdur, torpaq çoxdur,
Hər yerdə Şuşa yoxdur...
Əziz Şuşa,
keçmişdən sual vermirsən, sağ ol,
Əziz Şuşa, sən bizi qınamırsan,
çox sağ ol! -
Biz səni tərk etmişdik,
Sən bizi tərk etmədin,
Biz səndə olmasaq da,
Can Şuşa, sən bizdəydin!
Canımın canı şəhər,
insanlar bir şəhərə
necə aşiq olurlar? – necə tərif eyləyim.
Sevgi "niyə"siz olur,
Sevgi "necə"siz olur,
O "niyə"siz, "necə"siz sevgilərdi
and oldu,
inama qanad oldu
O and, o inam idi
Oldu - yolumuz oldu,
“Dərələrdən sel kimi,
təpələrdən yel kimi”
bizi sənə, bizi sənə gətirdi.
Sənə gələn yolumuz
Canımızdan başladı;
İlahi yazı varsa –
Alnımızdan başladı.
Yollar sənə gətirdi;
Yollar səndə qurtarmır –
Zəngəzurun,
Göyçənin,
İrəvanın yolları
səndən görünür, Şuşa!
əlini qəlbimə qoy,
gör bir necə döyünür...
ŞUŞA ALXIŞI
Şuşada açmışam sabahı bu gün,
Şuşamıza şükür, sabaha şükür.
Dolaşdım, toxundum, gördüm-götürdüm,
Özümə tapdığım cavaba şükür.
Çox yerdə görmüşəm bayrağımızı,
Ondan öyrənmişəm növrağımızı,
Gündüzlər cilvəli qutsalımızı,
sığala yetişən axşama şükür.
Yaddaşım oyandı, tərpəndi lay-lay,
Gah aypara oldum, gah da dolunay…
Xankəndi tərəfə boylandım bir az,
Orda çatacağım tonqala şükür.
Əkbər, hər şəhərin öz gözəlliyi,
Burdakı gözəllik döz gözəlliyi…
Daha aramadım söz gözəlliyi,
İdraka, iqbala, amala şükür!..
Hazırladı: Mina RƏŞİD