29.03.2024, 13:47
AZ EN
08.05.2023, 15:41 257

Bu dünya əzəldən Türkündür

YARADICILIQ
  • Əslən Qərbi Azərbaycanın Vedi rayonundan olan Qəyyumova Yasəmən Müslüm qızı 1974-cü il noyabrın 20-də  İmişli rayonu Qaraqaşlı kəndində anadan olub.  1982-ci ildə İmişli rayonu Qaraqaşlı kənd orta məktəbinin birinci sinifinə daxil olub, 1983-cü ildə ailə vəziyyəti ilə əlaqədar İmişli rayonu keçmiş Suvorovka (indiki Hacırüstəmli) kəndinə köçüblər, təhsilini orda davam etdirib və 1992-ci ildə həmin məktəbin onuncu sinifini bitirib. 1998-ci ildə Gəncə Müəllimlər institutuna daxil olub, 2001-ci ildə İbtidai Sinif Müəllimi ixtisasına yiyələnib.

2008-ci ildə ailə həyatı quraraq, Bakı şəhərinə köçüb. 2013-2021-ci illər “Ədalət yolu” qəzetinin təsisçisi və baş redaktoru vəzifəsində çalışıb. 2014-2022-ci illər tarixində “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədr müavini vəzifəsində çalışıb. 2020-ci ildə Moskva Dövlət Pedaqoji Universitetinə daxil olub və Dövlət və bələdiyyələrin idarə edilməsi fakültəsi üzrə təhsil alır.

2022-ci ildən hal-hazıra qədər “Qayğıya Ehtiyacı olan Şəxslərə Dəstək” İctimai Birliyin təsisçisi və sədri olaraq fəaliyyərt göstərir.

2000-ci ildən Yeni Azərbaycan Partiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Ailələlidir, iki övladı var.

“Ürəyim səninlədir”, “Ay ürəyim” iki şeirlər kitabının müəllifi olan Yasəmən xanımın şeirləri sevilərək oxunur. Onun bir çox şeiri Almanaxlarda çap olunub.

Şeirlərindən bir neçəsinin oxuculara təqdim edirik.

 ƏZƏLDƏN TÜRKÜNDÜ BU QOCA DÜNYA

          Tarixin özü tək qocadır yaşı,

Ərən imzasıdır qayası, daşı,

Haqqa güzgü tutur ulu yaddaşı ,

Əzəldən Türkündü bu qoca dünya.

 

Şəhid ruhlarını geyib əyninə,

Tufanı, boranı almır eyninə,

Tarixi xurcun tək asıb çiyninə,

Əzəldən Türkündü bu qoca dünya.

 

Tanrı məqamında bəllidir sözü,

Halallıq önündə ağ olub üzü,

Geyib ayağına yovşanlı düzü,

Əzəldən Türkündü bu qoca dünya.

 

Almagöz, qızbirçək atın belində,

Torpaqdan boylanan otun dilində,

Ocaqda kişnəyən odun dilində,

Əzəldən Türkündü bu qoca dünya.

 

Çöllərin özü tək qədim, uludur,

Uca zirvələr tək uca boyludur,

Əcdadı əzəldən oğuz soyludur,

Əzəldən Türkündü bu qoca dünya.

 

Odu var həqiqət ocaqlarında,

Böyüyüb çöllərin qucaqlarında,

İzi var tarixin sübh çağlarında,

Əzəldən Türkündü bu qoca dünya.

 

Könlündə oynadı bu dərə, bu dağ,

Sirrini anlamaz nə dil, nə dodaq,

Oxuyub cahanı hey varaq-varaq,

Əzəldən Türkündü bu qoca dünya.

 

Yurda könül verən, yurdu oxşayan,

Çiynində min illik yükü daşıyan,

Torpağın özü tək ruhla yaşıyan,

Əzəldən Türkündü bu qoca dünya.

 

Sevgi butasıdır min hər arzu, istək,

Dağların gözündə çiçəkdir, çiçək,

Qaya kimi möhkəm, gül kimi kövrək

Əzəldən Türkündü bu qoca dünya.

 

Dan yeri üzünə aydınlıq səpər,

Ay, ulduz hörmətlə üzündən öpər,

Tükənməz qolunda, dizində təpər,

Əzəldən Türkündü bu qoca dünya.

 

Sorağı gah dağdan, gah düzdən gəlir,

Gecədən adlayıb, gündüzdən gəlir,

Hünəri, cürəti oğuzdan gəlir,

Əzəldən Türkündü bu qoca dünya.

 

Bu daşı, torpağı əlinlə dindir,

Götür bircə ovuc əlində dindir,

Hər sözü, söhbəti yurd dilindədir,

Əzəldən Türkündü bu qoca dünya.

 

Soruşmaz heç vədə kim olduğunu,

Təbiət üzündən tanıyır onu,

Bu Leyli çöllərin odur Məcnunu,

Əzəldən Türkündü bu qoca dünya.

 

İnamı, imanı hər andan gəlir,

O Tanrı işığı Qurandan gəlir,

Yenilməz qüdrəti Turandan gəlir,

Əzəldən Türkündü bu qoca dünya.

ŞANLI ZƏFƏR GÜNÜN MÜBARƏK VƏTƏN

Qeyrət çayları tək daşıb getdilər,

Şuşa dağlarını aşıb getdilər,

Tarixə adını yazıb getdilər

Şanlı zəfər günün mübarək Vətən.

 

Ərən oğulların verib əl-ələ

Düşmənin canına saldı vəlvələ,

Tarix belə hünər görməyib hələ,

Şanlı zəfər günün mübarək Vətən.

 

Od alıb qeyrətin sönməz közündən,

Amansız düşmənin vurub gözündən,

Şəhid balasının öpüb üzündən,

Şanlı zəfər günün mübarək Vətən.

 

Şəhadət andını içdi şəhidlər,

Qələbə köynəyin geyindi yollar,

Gerçəyə çevrildi qərib yuxular,

Şanlı zəfər günün mübarək Vətən.

 

Könül, bu torpağın başına dolan,

Bu dünya əzəldən boşalıb dolan,

Şəhid anasına təsəlli olan,

Şanlı zəfər günün mübarək Vətən.

 

Qəlbində çin olmuş arzulara bax,

Bahar ətirlidir hər bağça, hər bağ,

Nəğməli çağına dönüb Qarabağ,

Şanlı zəfər günün mübarək Vətən.

 

Ruhu çiçəkləmiş sözdü Yasəmən,

Eşqinlə alışan közdü Yasəmən,

Adına misralar düzdü Yasəmən,

Şanlı zəfər günün mübarək Vətən.

RƏCƏB TAYYİB ƏRDOĞAN

Ümidlərin sabahı,

Rəcəb Tayyip Ərdoğan.

Yerdə türkün pənahı,

Rəcəb Tayyip Ərdoğan.

 

Əbədi tarix yazır,

Vətən yuxusun yozur.

Düşmənə məzar qazır,

Rəcəb Tayyip Ərdoğan.

 

Allahın hədiyyəsi

Vətən eşqi həvəsi,

Müsəlmanın haqq səsi,

Rəcəb Tayyip Ərdoğan.

 

Alnında haqqın izi,

Qurandan hər kəlməsi,

Türkün pak düşüncəsi,

Rəcəb Tayyip Ərdoğan.

 

Sevir xalqın, millətin,

Dostudu həqiqətin,

Oğlu bəşəriyyətin,

Rəcəb Tayyip Ərdoğan.

 

Türk yolunda mayakdı,

O yatmayır, oyaqdı,

Məzlumlara dayaqdı,

Rəcəb Tayyip Ərdoğan.

 

Yasəmən vəsf eyləyir,

Türkəm deyib, fəxr edir.

Sevdiyim odur deyir,

Rəcəb Tayyip Ərdoğan.

ƏDALƏT YOLU

Qədrini anlamaz hər yoldan ötən,

Odur dar macalda haraya yetən,

Haqqın dərgahına uzanıb gedən,

Həqiqət yoludur, ədalət yolu!

 

Tanrı ətri verən qəlbdə yaşayır,

Arzular isidir,  könül oxşayır,

Ürəkdən ürəyə sevgi daşıyır,

Məhəbbət yoludur, ədalət ylu!

 

Namərdin üzünə qapı bağlayan,

Halallıq içində coşub, çağlayan,

Ləyaqət əhlini uca saxlayan,

Şərafət yoludur, ədalət yolu!

 

Bir üzü cəvahir, bir üzü ləldir,

Xeyirxah niyyətdir, gözəl əməldir,

Tanrı dərgahına açılan əldir,

İbadət yoludur, ədalət yolu!

 

Onda pənah tapar tənhalar, əklər,

Oduna isinir qərib ürəklər,

Sağında, solunda durub mələklər

Qiyamət yoludur, ədalət yolu!

 

Önünü bağlamaz nə duman, nə çən,

Adlayıb nəsildən nəsillərəcən,

Halal adamların ömründən keçən,

Bərəkət yoludur, ədalət yolu!

 

Qərib yurd yerində binələr quran,

Haram qoxusundan uzaq, yan duran,

Qəmli könüllərdə işıq yandıran,

Mərhəmət yoludur, ədalət yolu!

 

Yasəmən, sevinclə bəzənib yaxan,

Zalıma qılıncdır, məzluma qalxan,

Üç rəngli bayrağı Şuşaya taxan,

Şücaət yoludur, ədalət yolu!

BAYRAĞIM

Şərəfi boylanır vətən sözündən,

Rəngləri nur alıb yurdun közündən.

Göylər məhəbbətlə öpür üzündən,

Ruhumun səsidir, mənim bayrağım!

 

Qüdrəti boy alıb el yaddaşından,

Hər gün gülümsəyir zirvə başından,

Ucalır  yurdumun hər qarışından,

Ümid nəğməsidir mənim bayrağım!

 

Daşıyır millətin, elin vüqarın,

Açır qapısını həyəcanların.

Rəngində  eşqi var şəhid canların,

Qeyrət  zirvəsidir, mənim bayrağım!

 

Qonub ətəyinə bir uca haqqın,

Ona kəc baxmaqdan həmişə saqın.

Azadlıq eşqiylə yaşayan xalqın,

Şəhid sevgisdir, mənim bayrağım!

 

Canında canı var gör neçə canın,

Odur  azadlığa qapı açanın.

O taylı,bu taylı Azərbaycanın,

Bütövlük rəmzidir, mənim bayrağım!

 

Hər vaxt uca durur,hər vaxt baş durur.

Hər gün küləklərlə o savaş qurur,

Damarda çağlayan qanı coşdurur,

Qəlbimin səsidir, mənim bayrağım!

 

Qoy gözün üstünə üç qumaş rəngi.

Qoynundan boylanır könül ahəngi.

Burda dalğalanır "Heyratı", "Cəngi",

İgidlər dərsidir, mənim bayrağım!

 

Müqəddəs andıyla yaranıbdır tən,

Onu öz bağrına basıbdır vətən.

Keçir Qarabağdan, Cıdır düzündən,

Zəfər mijdəsidir, mənim bayrağım!

 

Könül fərəhidir bu od, bu ocaq,

Milyon-milyon qəlbə açıbdı qucaq.

Bütöv Qarabağda dalğalanacaq,

Vətən dərgisidir, mənim bayrağım!

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər