Dost olan layiqdi dosta tən gələ,
Nə çox yolumuza qurulub tələ...
Gör kimlər dəyirman işlədir hələ,
Gör kimlər dəyirman daşından keçir!
Musa, sözlərini saxla yarıda
Xalq öz sabahını gərək yarada.
Sənin də taleyin ulu dünyada
Xalqın baharından, qışından keçir.
Müəllif bu şeiri 1993-cü ildə yazıb. Yurdumuzun yağmalandığı, qəlbimizin talandığı bir vaxtda. Öz taleyini yurddaşlarının taleyi bilən, torpağı düşmən tapdağında olan, amma ümidini, inamını heç vaxt itirməyən və qələmini süngüyə çevirən bir şairin ürəyi döyünür bu şeirlərdə
Bütöv Vətən – bu niyyət var,
Bayraq olan həqiqət var.
Bu bayraqda bir qüdrət var
Yüksəklərə çəkər məni!
Nümunə gətirdiyim “Çəkər məni” adlı bu şeir də, həmin ildə yazılıb. Göründüyü kimi, Musa müəllimin şeirlərində sızıltı, ağı yox, Bütöv Vətən uğrunda böyük mübarizə eşqi var.
Bər-bəzəkli düşmənə bax,
Al geyindi, qurdu duzaq.
Canda təpər, başda papaq,
Qanda qeyrət istəyirəm!
Köçkün düşdük, üç il, beş il...
Hanı Zəfər yazılmış il?
Allah, səndən ömür deyil,
Bir az möhlət istəyirəm!
“İstəyirəm” adlı bu şeir isə 1996- cı ildə yazılıb. Doğma ocaq, yurd həsrətinin qəlbimizi yandırdığı, gözlərimizə qara kölgələrin endiyi, bizim üçün dünyanın işığının azaldığı bir vaxtda. Bax, həmin anda şair qəlbi qisas hissi ilə döyünür. Yaradandan ömür deyil, möhlət istəyir ki, düşmənlərdən qisas alaq, onun layiq olduğu cəzasını verib müqəddəs torpaqlarımızdan silib-süpürək.
Musa Aslanxanlı 1950-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində dünyaya gəlib. Orta təhsilini doğma kənd məktəbində alıb. 1973-cü ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsini bitirib. Doğma rayonda, sonra isə məcburi köçkün kimi məskunlaşdığı Biləsuvarda illərlə müəllim işləyib. Milli qəhrəman Vəzir Orucova həsr edilmiş lirik-epik poemanın daxil edildiyi “Ad günləri qarşıdadı” (2006), "Şuşaya gedən yol" (2011), Şəhidlər haqqında yazılmış oçerklərdən ibarət "Üz tutmalı ömürlər" (2013) və başqa kitabları çap edilib.
M.Aslanxanlı 30 ilə yaxın Cəbrayılda qoyub gəldiyi doğma ocaq, yurd həsrəti çəkən bir şair kimi böyük Zəfər sevincimizi ömrünün sonuna qədər yaşayacaq insanlardan biridir. Şair azad Cəbrayılda doğma kəndinin görüşünə gedib. Şairin doğulduğu torpaqda illərdən sonra keçirdiyi hissləri özünün söylədiyi kimi, sözlə ifadə etmək o qədər də asan deyil...
Torpağımız daha kol-kos bitirməsin,
Yurd yerləri xan çinarlı, bərəkətli bağlar olsun...
Sozalmasın, ümidiylə, inamıyla nəğmə desin
Həkərimiz, Qarqarımız, Tərtərimiz,
Arazımız çağlar olsun!
Musa Aslanxanlının şeirləri haqqında çox söz demək olar.
Amma bunun üçün gərək Vaqif Yusifli kimi tənqidçi, Kamil Vəli Nərimanoğlu kimi ədəbiyyatşünas olasan... (Onların hər ikisi M.Aslanxanlının şeirləri haqqında gözəl fikirlər yazıb).
Böyük Zəfərimizin ikinci ildönümü ərəfəsində, bu qələbə ətirli günlərdə
biz də gözəl şairimizə bir daha gözaydınlığı verir, ona cansağlığı və daha böyük uğurlar arzu edirik!
Mina RƏŞİD