22.11.2024, 01:45
AZ EN
23.12.2022, 10:33 475

İlk nəfəsim, son sözüm də Uruddu...

YARADICILIQ
  • Əməkdar jurnalist, yazıçı-publisist Flora Xəlilzadə 1955-ci ildə Qərbi Azərbaycanın Qarakilsə rayonunun Urud kəndində anadan olub. Rayonda Vağədi kənd orta məktəbi bitirdikdən sonra ADU-nun Jurnalistika fakültəsinə daxil olub. "Azərbaycan təbiəti" jurnalında, "Azərbaycan müəllimi" "Azərbaycan" qəzetlərində çalışıb. Bir müddət “Azərbaycan qadını” jurnalının redaktoru olub. Uzun müddət İctimai televiziyada layihə rəhbəri, "Yadigarlar" verilişinin müəllifi və aparıcısı olub. Hazırda Azərbaycan Televiziyasının Ədəbi-dram verilişləri baş redaksiyasının baş redaktoru vəzifəsində çalışır.  Azərbaycan Televiziyasında Bədii Şuranın üzvüdür.

1972-ci ildən mətbuatda publisistik və bədii yazıları dərc olunur. Peşəkar jurnalist kimi mətbuatda çalışdığı dövrdə yüzlərlə elmi, ədəbi, publisistik, tənqidi məqalələri çap edilib. 20- yə yaxın kitabın müəllifidir. Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür.  “Həsən bəy Zərdabi”, "Qızıl qələm", "Xan qızı Natəvan", "Səməd Vurğun-90", "Şərəf", "İnam", "Dan ulduzu", "Məmməd Araz" və bir çox beynəlxalq mükafatlara layiq görülüb. Flora xanımın "Yolum düşə Zəngəzura" adlı kitabı Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən 2007-ci ilin publisistik-sənədli kitabı adına layiq görülüb. Həmin ildə  Jurnalist Qadınlar Assosiasiyası tərəfindən “İlin qadın jurnalisti” elan olunub. F.Xəlilzadə ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

2011-ci ildə Azərbaycan mətbuatındakı səmərəli fəaliyyətinə görə Mətbuat Şurasının Ali Media,  2017-ci ildə isə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

"Ruhumun ehtiyacı", "Bənövşə ətirli səs" (Flora Kərimova haqqında),

"Aysel adını itirib" (uşaq hekayələri), "Analar" (publisistika),

"Bu mənim tale yolum" (Afaq Bəşirqızı haqqında), "İgidliyin son zirvəsi" (Şəhid Cəmşid Teymurov haqqında), "Məmməd Araza məktub" (elmi-ədəbi toplu), "Yuxular" kimi kitabların müəllifidir.

F.Xəlilzadənin Vətən ətirli şeirlərindən bir neçəsini “Vətən səsi”nin oxucularına təqdim edirik.

 

VƏTƏN, HEY!..

 

Anamın uzalı əli,

Yanağımdan süzülən inci seli,

Alışan, quruyan dilim- Vətən, hey!..

İçimdə ağla sən,

Yolları bağlı sən.

Bakının bürküsü-

Canımın ürküsü,

Gözlərimin mürgüsü,

Dərdimə bax?!

Getməyə yerim yox,

Vətən, hey!..

Adına bağla məni,

Qəlbində saxla məni...

 

EY VƏTƏN

 

Çoxdan itirdiyim o sevdalı quş,

Tapıbdı ruhumu, səndən oxuyur.

Daha mənlik deyil o dağ, o yoxuş,

Ömür çeşnisini qəmdən toxuyur.

 

Vətənsiz yaşamaq varmış qədərdə,

Səngiməz tufanlar uçur başımdan.

Mənə ömrüm boyu yarmış kədər də,

Özgənin baharı keçir qışımdan.

 

Bu qəriblik hər zərbədən betərdi,

Haqqın nəfəsinə yollar açıla.

Öz içimdə hey çəkirəm bu dərdi,

Nə ola boynuma qollar açıla.

 

Vətən oğlu nərə çəkə qoşuna,

Hər kəs gedib obasına buluna.

Əlim dəyə ana yurdun daşına,

Sığal çəkəm tikanına, koluna.

 

Şöhrətinə kim qalxacaq, qoy olsun!

Təltifini kim alacaq, sözüm yox.

Yurd yerində büsat olsun, toy olsun,

Bu dünyadan umduğum yox, gözüm yox.

 

Yollarının tozu olum, ey Vətən!

Bazarçayı, Göbəkdaşı görüm mən.

Qızın olum, yazın olum, ey Vətən!

El-obanı, yar-yoldaşı görüm mən.

 

ÇƏKDİM

 

Könlümə dərmandı Vətən havası,

Qərib günlərimi saymaqdan çəkdim.

İçimlə çölümün düşüb davası,

Dözümdən, səbirdən-doymaqdan çəkdim.

 

Ha boylanaq ömrümüzdən ötənə,

Xəbər çatmır dadımıızdan yetənə,

Yollar bağlı o dağlara - Vətənə,

Sar tutmuş obadan, oymaqdan çəkdim.

 

Ruhumu çəkib aparan yurddu,

Həsrət məni ayaq üstə qurutdu,

İlk nəfəsim, son sözüm də Uruddu,

Dərdimi qələmlə yaymaqdan çəkdim.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR