21.11.2024, 20:09
AZ EN
05.05.2023, 10:17 344

Laçın deyib köçdü babam

YARADICILIQ
  • Ağayev Roma Xosrov oğlu 1989-cu il iyulun 23-də Laçın rayonunun Alxaslı kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin məzunu olan Roma “Yaza bilmədiyim şeir”, “Mən kədərli şəkiləm” şeir kitablarının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin Həmkarlar İttifaqı Təşkilatının sədridir. 2014-2015-ci illərdə Dövlət Sərhəd Xidməti Lənkaran Sərhəd Dəstəsinin Çevik Hərakat bölüyündə həqiqi hərbi xidmətdə olmuşdur.

Şair, bədii qiraətçi kimi sosial şəbəkələrdə tanınan və sevilən Roma Xosrovun bir neçə şeirini oxuculara təqdim edirik.

QƏLBİMİZ LAÇINDA QALDI

Laçının boy atan dərdi,

Anamın saçında qaldı.

Vətən qoxusu atamın

Burnu ucunda qaldı.

 

Haqq yolunu seçdi babam,

Çətin yollar keçdi babam,

Laçın deyib köçdü babam,

Göz yaşı ovcunda qaldı.

 

Bu yükü necə götürdük,

Vətəndə Vətən itirdik,

Hər şeyi yığıb gətirdik,

Qəlbimiz Laçında qaldı.

ANA, OĞLUN ŞƏHİD OLUB

Ana, oğlun şəhid olub,

Arzusuna çatıb gəlib.

Başın salamat gətirib

Ürəyini atıb gəlib.

 

Gözləri yuxu bilməyib,

Baş əyməyib,  əyilməyib,

O yaşayır, o ölməyib,

Tabutunda yatıb, gəlib.

 

Ovcunda tutub torpağın,

Bu şəhidin öp ayağın,

Ayaqları Qarabağın

Palçığına batıb gəlib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər