06.11.2024, 09:50
AZ EN
27.10.2023, 15:23 270

Hər biri yüz düşmənə dəyən əsgər oğullar

YARADICILIQ
  • Şair, folklorşünas, filologiya üzrə elmlər doktoru İslam Sadıq 1953-cü ildə Tovuz rayonunun Samanlıq kəndində anadan olub. 1961–1971-ci illərdə Samanlıq kənd orta məktəbində, 1973–1978-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda, 1980–1986-cı illərdə isə Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsində təhsil alıb. Hazırda AMEA Folklor İnstitutunun "Folklor və yazılı ədəbiyyat" şöbəsində aparıcı elmi işçidir.

İ.Sadıq Azərbaycan dastan folklorunun, həmçinin Şumer tarixi və mədəniyyətinin araşdırıcısıdır. Onun Şumer dilinin qədim türk dili olduğunun əsaslandırılması yönündə tədqiqatları var. "Azərbaycan folklorunda "Koroğlu" poetik ənənəsi" mövzusu üzrə "fəlsəfə doktoru" (2007), "Şumer epik mətnləri və Türk xalq yaradıcılığı ənənələri" mövzusu üzrə "elmlər doktoru" (2015) elmi dərəcələrini alıb.

İslam müəllim 10-dan çox şeirlər və 20-yə yaxın araşdırma kitabının, 100-dən çox elmi-publisistik məqalənin müəllifidir.

Bu günlərdə 70 yaşına qədəm qoyan folklorşünas alim, gözəl şairimizi təbrik edir, onun poetik nümunələrindən “Vətən səsi”nin oxucularına təqdim edirik.

TÜRKÜN BAYRAĞI
 
Quzey Kıbrısda bir dağın üstünə çəkilmiş türk bayrağı gördüm. Dedilər ki, Rauf Denktaş bayraq gecələr də görünsün deyə, dağa işıq çəkdirib.
 

Boyası göydəndi, parçası yerdən,
Hamıya bir gözlə baxır bu bayraq.
Xain baxanların gözünü hərdən
Yandırır bu bayraq, yaxır bu bayraq.
 
Bayraq özü boyda güldü elə bil,
Bir türk sevgisindən gül açıb dağ da.
Mənim gəldiyimi bildi elə bil,
“Mən türkəm” söylədi dil açıb dağ da.
 
Durmuşam uzaqda, baxıram gendən,
Doldurur qəlbimi bir sevinc, qürur.
Ya bu bayraq tutub dağın əlindən,
Ya bu dağ bayrağa söykənib durur.
 
Bir səs qulağıma deyir ki, kiri,
Türküyə qulaq as yerin dilində.
Elə bil dağ deyil, bir türk əsgəri
Türkün bayrağını tutub əlində.
 
Köksünün başından asıb bayrağı,
Türkün öz dağıyam deyir düşmənə.
Körpə tək bağrına basıb bayrağı,
Mən bir göz dağıyam deyir düşmənə.

 
QARA DƏNİZDƏ BOZQURD
 
"Qara dəniz duyğuları" silsiləsindən
 
Durmuşam gəminin göyərtəsində,
İndi gecə Qara dənizdən qara.
Bayaqdan baxıram dənizə düşən,
Sulardan qayıdan gur işıqlara.
 
Elə bil hər işıq bir qurd gözüdü,
Baxdıqca adamın gözləri axır.
Qurdlarla üz-üzə durmuşam sanki,
Dənizdən üzümə bozqurdlar baxır.
  
QARŞIMA AT ÇIXDI
 
Səhər durdum yuxudan,
Dilimdən bir ad çıxdı.
Qapımın ağzındaca
Qarşıma bir at çıxdı.
 
Yaddaşımda bir addı,
Damağımda bir daddı.
Deyirlər at muraddı,
Qarşıma murad çıxdı.
 
Hər kəməndə düşmədi,
Hər qapıdan keçmədi.
Məni görüb kişnədi,
Dəryadan Qırat çıxdı.
 
İslam, boş qalıb dolum,
Ağlayır zulum-zulum.
Əridi iki qolum,
Yerinə qanad çıxdı.

 

ƏR OĞULLAR, ƏSGƏR OĞULLAR

Gənclərimiz bu gün Qarabağda igidlik göstərirlər

 

Füzulidən bir dilim alov kimi keçdilər,

Cəbrayılda düşməni alaq kimi biçdilər.

Qubadlıda bulaqdan bir doyunca içdilər

Dünən sənin Bakıda öydüyün ər oğullar!

Hər biri yüz düşmənə dəyən əsgər oğullar!

 

Torpağıma soxulub donuz kimi gavurlar,

Yağıların gözünü bircə-bircə ovurlar.

Laçından it qovurlar, Şuşadan it qovurlar

Dünən sənin Bakıda öydüyün ər oğullar!

Hər biri yüz düşmənə dəyən əsgər oğullar!

 

Sən yenə Bakıdasan, səngərdə yatır indi,

Bir ox kimi düşmənin gözünə batır indi,

Haray çəkən yurdların hayına çatır indi

Dünən sənin Bakıda öydüyün ər oğullar!

Hər biri yüz düşmənə dəyən əsgər oğullar!

 

Koroğlunun nəvəsi qorxmaz bir qaşıq qandan,

Vətən qana susayır, onlar keçirlər candan.

Yağıların başına od tökürlər hər yandan

Dünən sənin Bakıda öydüyün ər oğullar!

Hər biri yüz düşmənə dəyən əsgər oğullar!

 

Murovda dalğalanan bayrağa dirəkdilər,

Bu torpağın köksündə döyünən ürəkdilər.

Vətənə bax bu gün də, sabah da gərəkdilər

Dünən sənin Bakıda öydüyün ər oğullar!

Hər biri yüz düşmənə dəyən əsgər oğullar!

 

Yurdumda at oynadan düşmənə qan uddurur,

Köç salıb Qarabağa düşmənə qan uddurur,

Biri yağı düşmənin beşinə qan uddurur

Dünən sənin Bakıda öydüyün ər oğullar!

Hər biri yüz düşmənə dəyən əsgər oğullar!

 

Bu saat Xankəndidə xan davası çəkirlər,

Bu saat Xocalıda qan davası çəkirlər,

Bu saat Kəlbəcərdə can davası çəkirlər

Dünən sənin Bakıda öydüyün ər oğullar!

Hər biri yüz düşmənə dəyən əsgər oğullar!

 

Hələ neçə şəhidin qanını alacaqlar,

Göyçədə, İrəvanda himnimi çalacaqlar.

Təbriz, Dərbənd, Borçalı - körpülər salacaqlar

Dünən sənin Bakıda öydüyün ər oğullar!

Hər biri yüz düşmənə dəyən əsgər oğullar!

Yağılara göz dağı, bizə səngər oğullar!

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR