Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü Ankaranın Kızılcahamam rayonunda hakim Ədalət və İnkişaf Partiyasının (AKParti) üzvləri qarşısında çıxışı zamanı deyib.
Dövlət başçısı xatırladıb ki, 1984-cü ildən sonra Türkiyədə hakimiyyətə gələn bir çox siyasətçi terror təhlükəsinin aradan qaldırılması ilə bağlı vədlər verib, lakin bütün bu əminliklər sözdə qalıb.
Onun sözlərinə görə, əvvəlki hökumətlərin fəaliyyəti problemlərin kəskinləşməsinə səbəb olub. “Terror aktları nəticəsində 50 minə qədər Türkiyə vətəndaşı qətlə yetirilib, 10 min asayiş keşikçisi şəhid olub. Eyni zamanda, terrorçuların əməllərindən dəyən ziyan 2 trilyon dollara çatıb”, - deyə siyasətçi qeyd edib.
Ərdoğan vurğulayıb ki, AKParti öz hakimiyyətinin ilk günündən (2002-ci il noyabrın 3-dən) Türkiyənin təhlükəsizliyini və müdafiəsini gücləndirmək, o cümlədən müdafiə sənayesinin inkişafına diqqət yetirmək üzrə tarixi addımlar atıb. O qeyd edib ki, terrorçuların əsl məqsədi Türkiyəni zəiflətmək və milli zəmində nifaq salmaqdır.
Siyasətçi türkləri, kürdləri, ərəbləri və Türkiyədə yaşayan bütün digər millətlərin nümayəndələrini güclü ölkə naminə həmrəyliyə, birləşməyə çağırıb. “Bütün problemlər zorakılıq, silah və terror hücumları ilə deyil, dialoq yolu ilə müzakirə edilməlidir. Məhz bu, Türkiyənin tərəqqisi və güclənməsi yoludur”, -deyə Ərdoğan bildirib.
Dövlət başçısı qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın sərhədyanı ərazilərində keçirdiyi antiterror əməliyyatları ölkənin dövlət sərhədinin qorunmasına və terrorçuların zəiflədilməsinə imkan verib. “Türkiyə ordusu terrorçulara qarşı yerli silahlardan istifadə edib ki, bu da Ankaranın xarici təchizatçılardan asılılığını azaldıb və əməliyyatların effektivliyini artırıb. Terrorçular artıq Türkiyədə mülki şəxslərə ciddi ziyan vura və ya rəsmi strukturların ofislərinə hücum edə bilmirlər", -deyə Prezident bildirib. O, terror probleminin aradan qaldırılması üçün qanunvericilik addımlarını nəzərdən keçirəcək parlament komissiyasının tezliklə yaradılacağını açıqlayıb.
Türkiyə Prezidenti terror probleminin qonşu ölkələrin, o cümlədən Suriyanın gündəmindən çıxarılacağına ümid etdiyini bildirib.(AZƏRTAC)