“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti”nin ictimayətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva “Vətən səsi”nə açıqlamasında bildirib ki, 2026-cı ilin 1 yanvar tarixinə kimi Xocavənd rayonu üzrə cəmi 396 fərdi yaşayış evi təmir edilib. Artıq həmin mənzillərə əhalinin köçürülməsi təmin olunub. Onun sözlərinə görə, 2026-cı ilin sonuna qədər 1 şəhər, 2 qəsəbə və 22 kənd üzrə 4224 fərdi yaşayış evinin və 347 mənzildən ibarət 18 binanın təhvil verilməsi planlaşdırılıb. Ümumilikdə isə ilin sonunadək Xocavənd rayonuna 4571 ailənin köçürülməsi hədəflənib.
Təranə Quliyeva deyib ki, tikinti prosesi bitdikcə əhalinin köç prosesi də mərhələli şəkildə həyata keçirilir. Onun sözlərinə görə, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində müxtəlif yaşayış məntəqələrinə ailələrin köçü mərhələli şəkildə davam edir.
“Xocavənd şəhərinə köçürülən ailələrin sayı 231, əhalinin sayı 898 nəfərdir. Köçürülən sakinlər həm çoxmənzilli binalarda, həm də fərdi yaşayış evlərində məskunlaşıb. Xocavəndkənd kəndində isə 34 ailə, ümumilikdə 142 sakin məskunlaşıb. Hazırda Xanoba kəndində 23 ailə, 104 sakin, Qırmızı Bazar qəsəbəsində 162 ailə, 685 sakin, Hadrut qəsəbəsində isə 61 ailə, 249 sakin məskunlaşıb. SOS kəndində 84 ailə, 359 sakin yaşayır. Ümumilikdə Xocavənd rayonu üzrə 595 ailə, 2437 sakin daimi yaşayışla təmin olunaraq məskunlaşdırılıb. Köç prosesi planlı şəkildə aparılır və hər yeni yaşayış məntəqəsi hazır olduqca sakinlər yerləşdirilir”, - deyə şöbə müdiri əlavə edib.
Röya SALMANQIZI