21.04.2026, 16:33
AZ EN
21.04.2026, 14:25 38

Qarabağ Universiteti abituriyentlərlə görüşlərə start verib

XƏBƏRLƏR
  • Qarabağ Universiteti 2026/2027-ci tədris ilinə hazırlıq işləri çərçivəsində abituriyentlərlə maarifləndirici və tanıtım xarakterli görüşlərə start verib.

Universitetdən bildirilib ki, görüşlərin ilk mərhələsi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdlərini əhatə edib. Gəncə şəhərində təşkil olunan görüşlərdə Gəncə, Samux, Göygöl, Daşkəsən, Goranboy və Naftalan məktəblərinin yüksək akademik nəticə göstərən şagirdləri iştirak ediblər.

Abituriyentlərlə görüşlər ixtisas qrupları üzrə ayrı-ayrılıqda beş fərqli məkanda təşkil olunub. Beşinci ixtisas qrupu üzrə incəsənətyönümlü ixtisaslara hazırlaşan abituriyentlərlə görüş Gəncə Dövlət Regional Kollecində baş tutub. Təbliğat tədbiri çərçivəsində Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllim heyətinin ifasında konsert proqramı da təqdim edilib. Eyni zamanda, təbliğat görüşlərindən sonra seçilmiş bir neçə məktəbdə əlavə təqdimatlar və interaktiv sessiyalar keçirilib.

Görüşlərdə Qarabağ Universitetinin missiyası və strateji hədəfləri haqqında məlumat verilib, təqdim olunan ixtisas proqramları və müasir akademik məzmun barədə danışılıb, mövcud infrastruktur və məzmunlu tələbə həyatından söz açılıb. Həmçinin akademik heyət, tələbə yataqxanası, beynəlxalq əməkdaşlıqlar, təqaüd imkanları, sosial fəaliyyətlər, karyera perspektivləri və digər məsələlərə dair geniş təqdimatlar edilib. Müvafiq təbliğat videoları nümayiş etdirilib, bukletlər paylanılıb və abituriyentlərin çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, işğaldan azad edilmiş torpaqlarımızda yaradılan ilk ali təhsil müəssisəsi olan Qarabağ Universitetində yüksək ixtisaslı kadr hazırlığı və layiqli vətəndaş yetişdirilməsi üçün zəruri olan bütün imkanlar yaradılıb. (AZƏRTAC)

Oxşar xəbərlər