19.09.2024, 16:28
AZ EN
17.02.2023, 21:53 225

Böyük Qayıdışın ilk ünvanı olan Ağalıda YAP-ın ərazi partiya təşkilatı yaradılıb

XƏBƏRLƏR
  • Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının “Ağalı kənd” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

YAP-ın mətbuat xidmətindən bildirilib ki, əvvəlcə Zəngilan rayonundakı Şəhidlər xiyabanı və Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul əməkdaşı Aqil Qurbanov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, həmçinin YAP-ın müasir müstəqil Azərbaycanın inkişafında müstəsna rolundan bəhs edib. Bildirib ki, harada yaşamasından asılı olmayaraq, tarixi Zəfərimiz hər bir azərbaycanlını qürurlandırır.

YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə vurğulayıb ki, Vətən müharibəsində qazanılmış şanlı Zəfərdən sonra doğma torpaqlarımıza möhtəşəm Qayıdışın ilk ünvanı Zəngilan rayonu Ağalı kəndi, Böyük Qayıdış sevincini ilk yaşayanlar Ağalı kəndinin sakinləri olublar. Azərbaycan xalqının tarixinin ən əlamətdar, qürurlu anlarını yaşadığını vurğulayan N.Quluzadə deyib: “Vətən torpaqlarımız bütövlüyünə qovuşdu, yüzminlərlə soydaşımızın həsrətinə son qoyuldu. Tarixi Zəfərimizə yol açan uğurlarımızda Yeni Azərbaycan Partiyasının mühüm rolu var. Xalqın istəyi, zamanın tələbi ilə yaranan Yeni Azərbaycan Partiyası, Ümummilli Liderin qeyd etdiyi kimi, dünənin, bu günün və gələcəyin partiyasıdır. Bütün sınaqlardan şərəflə çıxan partiya tarixə adını qələbələr, zəfərlər partiyası kimi həkk edib. Bu gün hər bir Azərbaycan vətəndaşı, partiyanın hər bir üzvü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərimizdən qürur duyur”.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Elmar Məmmədov çıxışında Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi zəngin və şərəfli yoldan bəhs edib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş YAP-ın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığı, ölkəmizin inkişafına layiqli töhfələr verdiyi vurğulanıb.

Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Möhübbət Səmədov və Ağalı kənd tam orta məktəbin direktoru Nərmin Həsənova qeyd ediblər ki, Vətən müharibəsində qazanılmış Zəfər Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin Prezident İlham Əliyev tərəfindən inamla və qətiyyətlə davam etdirilməsinin nəticəsidir.

Sonda partiya sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqəsi və hədiyyələr təqdim olunub. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR