22.11.2024, 00:45
AZ EN
02.12.2022, 09:35 709

Ədalət Əroğlu – hüquqşünas-şair

YARADICILIQ

Qafarov Ədalət İzzət oğlu (ƏROĞLU) - 16 aprel 1966-cı ildə Cəbrayıl rayonun Hovuslu kəndində anadan olub. 1973-83-cü illərdə doğulduğu kənddə orta təhsil alıb. Sonra Sumqayıt şəhər 44 nömrəli texniki peşə məktəbində oxuyub. 1984-1986-cı illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən tərxis edildikdən sonra Sumqayıt şəhərində tikinti sahəsində çalışıb. İşdən ayrılmadan 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsində ali təhsil alıb. 1994-cü ildə Sumqayıt Şəhər Xalq Məhkəməsinin dəftərxanasında işə başlayıb, 1998-2000-ci illərdə məhkəmədə iclas katibi (hakim köməkçisi) vəzifəsində çalışıb. 2000-2007-ci illərdə Müstəqil Hüquq Məsləhətxanasında fəaliyyət göstərib. 2007-ci ildən “İZZƏT” MMC Hüquq Məsləhətxanasının və Tədris Mərkəzinin təsisçisi,  “İZZƏT” MMC-nin direktorudur.

Ailəlidir 3 övlad var. 

2014-2019-cu illərdə Azərbaycan Respublikası bələdiyyə seçkilərində və 2015-2020-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə deputatlığa namizəd olub.

“Qızıl Qələm” və “Ulu Öndər” media mükafatı laureatıdır.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

 “YURD” ədəbi-bədii, elmi-publisistik Jurnalının Redaksiya Heyətinin üzvüdür.

“İçimizdə yurd adlı yaramız var”, “Sözün yurd ağrısı, “Tran harayı”, “İçimizdə yurd adlı yaramız var” (təkrar nəşri) və “Oyanan Ruhlar...”  şeirlər kitabının müəllifidir.

“ƏDALƏT İŞIĞINDA” ədəbi məclisin sədridir.

“ƏDALƏT İŞIĞINDA” almanaxının I hissəsinin layihə rəhbəri və tərtibatçısıdır.

“Mənim Vətənim”, “Dünya yalan dünyadı”,  “Zirvəyə doğru”, “Sevənlərin dünyası”, “Qarabağ həsrəti”, “Dünyada yaşasın anamın adı”, “Ömür yollarında”, “Dolub boşalan dünya”, “Qeyrətdən gələn haray”, “Yaşıl işıq”, “Gözüm yolda, könlüm səsdə”, “Qələbəyə gedən yol”, “Gəlirik Qarabağ!!!”, “Kimlərə qaldı dünya-880”, “Sevgilim yuxunu dənizə danış”, “Həsrətin sonu” və “Tər çiçəklər” poeziya antologiyasında və dahi şairimiz M.Müşfiqin 110 illiyi ilə əlaqədar “Göyərçin əllər” poetik topluda,  İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı “CAHANA SIĞMAZAM” I və II hissə “Ədalət işığında”  almanaxlarında,   “Türk dünyası şeir seçkisi 5-6” və Sivasda “Şairlər seçkisi-12”  antologiyasında, “Ləlvər dağı”, “Şah dağı”, “TURAN” ədəbi-bədii, elmi-publisistik məcmuələrində onlarla şeiri işıq üzü görüb. 

“Yurd” və “Telli Sənəm” ədəbi-bədii, elmi-publisistik jurnalında, “Ədalət yolu”, “Sabaha inamla” qəzetində bir neçə şeiri, “Azərbaycan gəncləri”, “Kolxozçu”, “Sosialist Sumqayıtı”, “Ədalət yolu”, “İdeal Market” “Gündəm xəbər”,  “Sabaha inamla”, “XXI ƏSR Ədalətli iş, düzgün söz”, “365 gün”, “Həkəri” və s. qəzetlərdə məqalələri çapdan çıxıb. 

Bir çox internet portallarda; “Sabaha-inamla.az”, “Sumqayıtfakt.az”, “Qərib.az”, “Manevr.az” “Pressaz.az” “Xəbərləcom.az”, “Ədalətyolu.az”, “Gündəmxəbər.az”, “Presspark.az”, “vetenim-azerbaycandir.az”, “365 GÜN.İNFO” xəbər saytlarında onlarla şeirləri və kiçik məqalələri işıq üzü görüb.

“XX-XXI əsrin yaradıcı insanları və ziyalıları”, və “Xan Çinarın yetirmələri” antologiyalarının I və III hissələrinin yaradıcı heyətinin üzvüdür.

Bir neçə şeirləri rus və özbək dilinə tərcümə olunub.

Bir neçə şeirinə mahnı bəstələnib.

Övladlarının da Vətən üçün dəyərli şəxsiyyət olması üçün əlindən gələni əsirgəmir. Bununla yanaşı hüquqşünas olaraq hər kəsə - özündən böyüklərə və öz yaşıdlarına hörmət,  kiçiklərə qayğı göstərməklə hörmət qazanıb.

Müntəzəm olaraq öz vətənpərvər şeirləri ilə bir çox dövlət tədbirlərində çıxış edir.

Ədalət Əroğlunun bir neçə şeirini dərc edir, ona möhləm cansağlığı, yaradıcılıq uğurları arzulayırıq!

YAŞA, BAŞ KOMANDAN!

Bu Vətən səninlə daim öyünür,

Ümüdim sabaha, ürək döyünür,

Parlaq qələbədən, düşmən üyünür,

Yaşa, Baş Komandan! Yaşa, İgidlər!

***

Qələbə şəninə, ellər oynasın,

Muğanlar oynasın, Millər oynasın,

Yağsın nur yağışı, sellər oynasın,

Yaşa, Baş Komandan, Yaşa, İgidlər!

***

Çox ağır illəri ötürdün, Vətən!

Mübariz İgidlər yetirdin, Vətən!

Düşmənin arzusun bitirdin, Vətən!

Yaşa, Baş Komandan, Yaşa, İgidlər!

***

Bu ürək çırpınır, görün nə vaxtdır?

Şəhidlər öləmməz, ruhu sabahdır,

Sevinci bölməmək, özü günahdır,

Yaşa, Baş Komandan! Yaşa, İgidlər!

***

Qəlbin, gözün gülsün, Şəhid Anası!

Danış, sözün gülsün, Şəhid Anası!

Əl çal, üzün gülsün, Şəhid Anası!

Yaşa, Baş Komandan! Yaşa, İgidlər!

***

Ölkəmə ruh verdin, aləm görünür,

Düşmənin üzündə ələm görünür,

Düşmənin bayrağı, yerdə sürünür,

Yaşa, Baş Komandan! Yaşa, İgidlər!

***

Füzuli, Cəbrayıl, Şuşa, Qubadlı,

Bir tarix yazırsan Qarabağ adlı,

Ellərim sevincdən toylu, büsatlı,

Yaşa, Baş Komandan! Yaşa, İgidlər!

***

Əroğlu, ilhamın çağlayır, daşır!

Komandan önündə düşmənlər, çaşır.

Müzəffər Orduma Zəfər yaraşır,

Yaşa, Baş Komandan! Yaşa, İgidlər!

 

ŞUŞA

Sabahların xeyir, möhtəşəm Şuşa!

İki Türk bayrağım dayanıb qoşa.

Sevincdən millətim gəlibdir cuşa,

El-oba şəninə, mahnılar qoşa.

***

Qələbə sevincin bölüşəm gərək,

Ulu yurdum ilə görüşəm gərək,

Sarılıb boynuna, öpüşəm gərək,

El-oba şəninə, mahnılar qoşa.

***

Əsməsin Üstündən heç zaman külək,

Düşmən acısını biryolluq silək.

Vətən torpağının qədrini bilək,

El-oba şəninə, mahnılar qoşa.

***

Şuşa bayatımdır, Şuşa muğamım,

Bir daha yüksəldi, enməz Bayrağım,

Düşmənin kəsmişik yurddan ayağın,

El-oba şəninə, mahnılar qoşa.

***

Cıdır düzü, İsa bulağındayam,

Vaqiflə görüşmək arzusundayam,

Natəvan anamdan mən də bir payam,

El-oba şəninə, mahnılar qoşa.

***

Arzular sinəmdə bir meydan oldu,

İki doğma qardaş bütöv can oldu,

Türanım yolumda açan dan oldu,

El-oba şəninə, mahnılar qoşa.

***

Sən ey millətimin başının tacı,

İllərdir çəkirəm çox möhnət, acı,

Yalnız sənsən, dərdlərimin əlacı,

El-oba şəninə, mahnılar qoşa.

***

Şuşanın dağları, yaşıl yamacı,

Niyazi sevgisi, Bülbül inancı,

Qanla suvarıldı, yalı, yamacı,

El-oba şəninə, mahnılar qoşa.

***

Sənsən üzüyümün qaşı ay Şuşa!

Əzizdir torpağın-daşın, ay Şuşa!

Bir də dərd görməsin başın ay Şuşa!

Əroğlu şəninə, mahnılar qoşa.

 

TURAN SƏRKƏRDƏSİ, CƏNAB ƏRDOĞAN!

Bu günəş heç zaman sönən deyildir,

Əsla orbitindən dönən deyildir,

Göyün qübbəsindən enən deyildir,

Turan sərkərdəsi, Cənab Ərdoğan!

***

İgid Komutanı Türk dünyasının,

Yenilməz Sultanı, Türk dünyasının,

Qeyrəti, vicdanı, Türk dünyasının,

Turan sərkərdəsi, Cənab Ərdoğan!

***

İslamın mərd cəngavəri sən oldun,

Neçə xalqın ümid yeri sən oldun,

Sözü bütöv Xaqan kimi döğuldun,

Turan sərkərdəsi, Cənab Ərdoğan!

***

Türkün bayrağını ucaltdın göyə,

Cahanda ədalət, haqq olsun deyə,

Daim çətin anda çatdın köməyə,

Turan sərkərdəsi, Cənab Ərdoğan!

***

Başımız üstünü almışdı duman,

Bu qanlı savaşdan yox idi aman,

Dedin: Tək deyilsən, can Azərbaycan!

Turan sərkərdəsi, Cənab Ərdoğan!

***

Sizsiz biz qələbə çala bilməzdik,

Düşməndən qisası ala bilməzdik,

Bir canda iki qəlb ola bilməzdik,

Turan sərkərdəsi, Cənab Ərdoğan!

***

Əroğlu xoşbəxtlik arzular Sizə,

Doğma qardaşıq biz, sevgim var Sizə,

Eşq olsun Sizin tək rəhbərimizə-

Turan sərkərdəsi, Cənab Ərdoğan!

 

NƏSİMİ-650

Fələk, boğub harayımı, səsimi,
Yox sazımın nə pərdəsi, nə simi.
Soyulmuşam səndən betər Nəsimi, 
Dərdim böyük, bu ürəyim qan ağlar.
*** 
Yara tökdü dilim, vətən deməkdən,
Yurdum əsir, nalə çəkir deməkdən,
Yatmıram ki, gecələri deməkdən,
Dərdim böyük, bu ürəyim qan ağlar.
*** 
Bilmirəm, neyləyim, gedim, ha yana?
Coşub yazıram yatmışlarım oyana,
Lənət olsun şairimi soyana,
Dərdim böyük, bu ürəyim qan ağlar.
*** 
Zalım fələk verib yaman dərsimi,
Sökülə sərhədlər, tikanlı simi,
Qıram gərək, bağlı qalan tilsimi,
Dərdim böyük, bu ürəyim qan ağlar.
*** 
İzzətoğlu, hər gün düşmən atır, gəl, 
Nəsimi də fəryadıma çatmır, gəl,
Günəş doğmur, sanki dünya batır, gəl,
Dərdim böyük, bu ürəyim qan ağlar.

 

GƏLƏCƏM YENƏ
Dözümlü insanam, dözürəm hələ,
Qəlbimdən qan axır, dönübdür selə.
Qalmışam intizar, dən düşüb telə,
Darıxma, ay yurdum, gələcəm yenə.
***
O yurdum mənimçün ürək, dalaxdı,
Ayrı düşdüm, gözlərimdən qan axdı.
Qollarım qoynumda qalıb nə vaxtdı,
Darıxma, ay yurdum, gələcəm yenə.
***
Acı göz yaşlarım dönübdür selə,
Hamısın toplasaq, dönər bir gölə.
Düşmüşəm həyatda qaynar bir çölə,
Darıxma, ay yurdum, gələcəm yenə.
***
Qartal zirvələrdən uçub gələrəm,
Düşmənin izini yurddan silərəm.
Sevinc göz yaşımı yurda ələrəm,
Darıxma, ay yurdum, gələcəm yenə.
***
Ədalət dözməyir keçən günlərə,
Hər ötən aylara, keçən illərə,
Dərdliyəm, yazıram, düşdüm dillərə,
Darıxma, ay yurdum, gələcəm yenə.

PAY-QİSMƏTİM BELƏYMİŞ…
Bilmirəm, ağardı saçlarım nədən,
Taleyin yazısı, yəqin, beləymiş…
Ömrüm keçdi qəm-qüssəli illərdən,
Mənə düşən pay-qismətim beləymiş.
***
Həyat məni yaman sıxdı, ay dostlar,
Yalan, böhtan danışmadım kimsəyə.
Gənc yaşımda haqsızlıqla üzləşdim,
Dərd-sərimi mən demədim kimsəyə.
***
Dağlar aşdım, yurd itirdim Vətəndə,
Yollar keçdim mən şaxtada, boz çəndə,
Fələk çəkməz bu dərdləri ölçəndə,
Mənə düşən pay-qismətim beləymiş.
***
Qəm, kədərli günlər gəlib üstümə,
Elə bil ki, fələk durub qəsdimə,
İllər keçir, dözəmmirəm tüstümə.,
Mənə düşən pay- qismətim beləymiş.
***
Tanrı ömrü qismətimdə bir paydı,
Gündüzlərim gecələrə bir taydı.
Qara qanlar ürəyimdə bir çaydı,
Mənə düşən pay-qismətim beləymiş.
***
Bilmirəm, ağardı saçlarım nədən,
Taleyin yazısı, yəqin, beləymiş.
Ömrüm keçdi qəm-qssəli illərdən,
Mənə düşən pay-qismətim beləymiş.

 

ÇALINSIN VƏTƏNDƏ, QƏLƏBƏ MARŞI!
Neçə illərdir ki, yurdsuz qalmışıq,
Həsrətli günləri yada salmışıq,
Qələbə sevincin yaşamamışıq,
Çalınsın yurdumda, Qələbə Marşı.
***
Gül-çiçəkdi yurdumun hər qarışı,
Yurdsuz keçinməyək yenə bu qışı,
Axıtsın yurdumuz, sevinc göz yaşı,
Çalınsın yurdumda, Qələbə Marşı.
***
Qələbə Marşıyla qurtaraq ayı,
Düşmənə göstərək , lazımı payı...
Qələbə Gününün olmaz heç tayı.
Çalınsın Vətəndə, Qələbə Marşı!
***
Alınsın yurdumun hər bir qarışı
Yağsın yurdumuza, o nur yağışı
Deyirəm hamıya mən bu çağrışı
Vətəndə çalınsın, Qələbə Marşı!
***
Ədalət, yurdumuz alınaydı, kaş
Gedəydik yurdlara dostlarla birbaş
Düşmənin başına düşəydi sal daş
Vətəndə çalınsın, Qələbə Marşı!

 

YETMİŞ YAŞLI SUMQAYIT

Üzüm güldü Sumqayıta gələndə,

İndi yaşım həmin yaşım deyil ki.

Ruhum coşdu Xəzərimi görəndə,

Coşan ruhum ötən ruhum deyil ki.

***

Gəncliyimdə Sumqayıta gəlmişəm,

Sevincimi bu şəhərlə bölmüşəm,

Şəhərimi kərpic-kərpic hörmüşəm,

Qabar əllər həmin əllər deyil ki.

***

Gəzdikcə şəhərdə daşır ürəyim,

Xəzərin mehindən coşur ürəyim,

Şəninə nəğmələr qoşur ürəyim,

Əsən yellər həmin yellər deyil ki.

***

Gündən-günə çiçək açır şəhərim,

Xəzərimlə gözün açır şəhərim,

Hər millətə ürək açır şəhərim,

Bu şəhərim qoca şəhər deyil ki.

***

Ölkəmizin dayağıdır şəhərim,

Qəhrəmanlar şəhəridir şəhərim,

Mərd igidlər şəhəridir səhərim,

Sumqayıtım ölməz şəhər deyil ki.

***

Göyərçin abidə Sülhün daşıdır,

Sumqayıt vətənin üzük qaşıdır.

Bu il şəhərimin Yetmiş yaşıdır,

Ötəh illər həmin illər deyil ki.


İGİD ŞƏHƏRİM

(70 yaşlı Sumqayıta ithaf edirəm)

 

Xəyallar başımda, gülə bilmirəm,

Dərdimi dərdinlə bölə bilmirəm,

Axan göz yaşını silə bilmirəm,

Sumqayıt şəhərim, igid şəhərim.

***

Bir fevral günündə qalxdın ayağa,

Coşub vətənimdə döndün dayağa,

Dözmədin vaya, öldürülən çağaya,

Sumqayıt şəhərim, igid şəhərim.

***

Qarabağ alovla alışan zaman,

Səsinə səs verdin, vermədin aman,

Düşmən zalım oldu, dözmədin yaman,

Sumqayıt şəhərim, igid şəhərim.

***

İgidlər yetirdin sən Qarabağa,

Sinəni vermisən oda, ocağa,

Çəkilib durmadın, küncə, bucağa,

Sumqayıt şəhərim, igid şəhərim.

***

Şəhidlərim Xiyabanda uyuyur,

Ruhları hər zaman bizi qoruyur,

İzzətoğlu səninlə  hey qürur duyur,

Sumqayıt şəhərim, igid şəhərim.

 

Ş Ə H İ D L Ə R

Düşmən atəşinə sinəsin verib,
Başını əymədi, İgid Şəhidlər.
Vətənin yolunda canların verib,
Tarixə adların yazdı Şəhidlər.
***
Ağlama, ay bacım, ağlama, Anam,
Namusu, qeyrəti çəkidi Şəhidlər.
Vətənin yolunda canından keçib,
Hamının halına yandı Şəhidlər.
***
Qalxıbdı göylərə, ana naləsi,
Başında fikir var, çoxlu həvəsi...
Görmək istəyirdi oğul nəvəsi,
Ümüdlər içində köçdü Şəhidlər.
***
Dağlayır qəlbini, oğul yarası,
Göz yaşı axıdır ciyərparası,
Sirrini verməyib hələ heç kimə,
Aparıb özüylə, nakəm Şəhidlər.
***
Analar məzarı qucaqlayırlar,
Gecələr yatmayır, sayaqlayırlar,
Övladın keçmişin varaqlayıllar,
Vətənin yolunda köçdü Şəhidlər.
***
Ədalət, dözürsən qəmlər içində,
Göz yaşı tökməyək ellər içində.
Cəzasını verək, o düşmənlərin
İntizarda qalmasın, İgid Şəhidlər.

Oxşar xəbərlər