Bu sözləri açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib. İki ölkə arasında münasibətlərin qarşılıqlı hörmətə və dostluğa əsaslandığını vurğulayan Milli Məclis sədrinin müavini əlavə edib ki, ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir, xüsusi əhəmiyyət kəsb edən məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirir.
O, iki ölkənin qanunverici orqanları arasında səmərəli əməkdaşlıq yarandığını, hər iki tərəfin bu əməkdaşlığın inkişafında maraqlı olduğunu deyib.
“Çin ilə iqtisadi əlaqələrin inkişafı bizim strateji tərəfdaşlığımızda vacib yer tutur. Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir” deyən Z.Əsgərov 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 20,7 faiz çoxalaraq 3,744 milyard ABŞ dollarına çatdığını söyləyib. Bildirib ki, Çinin “Kəmər və yol” təşəbbüsündə Azərbaycan olduqca əhəmiyyətli mövqeyə malikdir. Belə ki, Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyəni əhatə edən Orta Dəhliz “Kəmər və yol” təşəbbüsünün tərkib hissəsidir. Bu dəhlizin Çin ilə Avropa arasında yüklərin daşınmasındakı əhəmiyyəti gündən-günə çoxalır.
Milli Məclis sədrinin müavini Azərbaycanda Konfutsi institutlarının vasitəsi ilə Çin dilinin öyrədilməsinin, Pekin Xarici Dillər Universitetində Azərbaycan dili kafedrasının fəaliyyətinin, Bakı ilə Çendu, Gəncə ilə Çindao, Naxçıvan ilə Çonçin və Urumçi, Sumqayıt ilə Mienyanın qardaşlaşmış şəhər münasibətlərinin qurulmasının xalqlarımız arasında dostluğun möhkəmlənməsinə töhfə verdiyini deyib. (AZƏRTAC)