13.07.2025, 17:21
AZ EN
13.07.2025, 08:00 71

Gürcü politoloq: Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü sülhün nə qədər yaxın olduğunu göstərir

YAZILAR
  • Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü və görüşdə əldə olunan razılaşmalar Gürcüstan siyasətçilərinin də diqqət mərkəzindədir. Gürcü siyasətçilərin üçüncü tərəfin iştirakı olmadan keçirilən bu görüşdən çox böyük gözləntiləri var. Onlar hesab edirlər ki, bu cür görüşlər artıq tərəflərin böyük sülh sazişinə yaxın olduğunu göstərir.

Gürcü politoloq, siyasi şərhçi Petre Mamradze deyib: “Cənubi Qafqazın hərtərəfli inkişafı üçün regionda sülhün bərqərar olması vacib şərtdir. Çox təəssüf ki, bu gün Cənubi Qafqaz ölkələri başqa dövlətlərin birbaşa təsiri ilə bir-biriləri ilə düşmən olublar. Azərbaycanın və Gürcüstanın torpaqlarının işğalı bizim qlobal inkişafımıza ciddi maneədir. Azərbaycan torpaqlarını işğaldan azad edib və hazırda böyük sülh sazişi üzərində iş aparılır. Bu gün Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə təkbətək, üçüncü tərəfin iştirakı olmadan görüşməsi sülhün nə qədər yaxın olduğunu göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin qarşı tərəfi ev sahibi kimi qarşılaması və ilk olaraq əl uzatması Azərbaycanın sülhsevər dövlət olduğunu bir daha dünyaya göstərdi”.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan rəhbərlərinin vasitəçilər olmadan birbaşa görüşmək barədə razılığa gəlməsi artıq çox ümidverici bir faktdır. Bu onu göstərir ki, tərəflərin mövcud problemin öz aralarında həll etmək iqtidarındadırlar. Bu, eyni zamanda, həm də onu göstərir ki, artıq qarşılıqlı etimad mərhələsinə keçilib və tərəflər öz aralarında hər hansı xarici müdaxilə olmadan razılaşmağa qadirdirlər.

Politoloq deyib ki, təəssüf ki, böyük sülh sazişi ilə bağlı hələ də problemlər var. Məsələn, Ermənistan Konstitusiyasının preambulasında bu gün də Qarabağın guya erməni torpağı olduğu kimi çağırış var. Bununla nə vaxtsa hesablaşmaq lazım olacaq. Ona görə də bu problem aradan qaldırılmalıdır.

“Bundan əlavə, 2020-ci ildə atəşkəs razılaşması imzalanarkən Zəngəzur dəhlizinin açılması barədə də razılıq əldə olunmuşdu. Artıq beş il keçir, amma bu məsələ də hələlik həyata keçirilməyib. Bunu izah edən müxtəlif səbəblər var, amma onların hamısını indi sadalamaq mümkün deyil. Məsələn, müəyyən mərhələdə başqa dövlətlər də məsələyə müdaxilə edərək bildirib ki, bu, onlar üçün qəbuledilməzdir. Lakin mən düşünürəm ki, artıq belə müdaxilələr olmayacaq”, – deyə politoloq vurğulayıb.

O hesab edir ki, əgər bütün bu məsələlər birlikdə nəzərdən keçirilsə, bütün bunlarla bağlı razılığa gəlinərsə, o zaman böyük sülh sazişi imzalanacaq. Bu da Cənubi Qafqazda sülh və rifah naminə olduqca vacibdir. Bu, Gürcüstan üçün də önəmlidir.

P.Mamradze deyib: “Ümid edək ki, tərəflər indi birbaşa sülh sazişinə imza atmasalar belə, bu proses artıq həmin istiqamətdə ciddi bir addım olacaq və tezliklə həm sülh sazişi imzalanacaq, həm də digər detallar öz həllini tapacaq”. (AZƏRTAC)

Oxşar xəbərlər