BİR DƏQİQƏLİK XATİRƏ SÜKUTU
Bir xalqın, heç danışmasa da,
hər an eşidilən səsidi,
sanki ilahi qatdan gələn səsidi
bir dəqiqəlik xatirə sükutu...
bir şəhid atasının qürurudu,
daşlaşmış dərdidi-
o, dünyanın ən mərdidi-
susaraq qəlbini dilə gətirməsidi
bir dəqiqəlik xatirə sükutu...
üstündən neçə dəqiqə keçib, saat ötüb,
sanıram mən hələ də
o bir dəqiqəlik sayğı duruşundayam...
ey şəhidim, qarşındayam;
sən məndən irəlidə.
ay igidim,
bəy igidim,
bir yerdə keçirəcəyik, inan-
axı, inamın həmişə olub-
önümüzdəki çox-çox illəri də....
23 SAAT 43 DƏQİQƏ
Olur ki, illər çəkir,
qərinələr ötür
-qoy-götür dünyasıdı-
çox uzanır bir addımlıq yol,
amma böyük bir işə
bəzən yetir bir neçə saat, dəqiqə,
hə...
olur ki, inanmırsan vaxtın
bunca ləngliyinə
və bir an kimi keçən həftələrə, aylara...
köhnəlir ümidlərə biçdiyin don da,
üstünə sel gəlir, daş yağır,
sən qarabağır...
bu qarğaşalar, qovğalar,
bir-birini qovmalar
bir andanmı asılı?
çıxırıq sanasan
arzu, həyat axtarışına
və bir qəfil zaman partlayışından
elə bil
sevinc fişəngləri zəfər tağlarını bəzəyir,
bax ha...
23 saat 43 dəqiqə
il boyunda, ay boyunda
bir nur gərdanlıq,
İşıq, Aydınlıq,
sevincli-göz yaşılı
xatirələr olacaq həm də...
ŞƏHİD
Bir gündə hər saata
düşdü iki, üç şəhid...
...Boynumuzun ardında
Var hey bir qılınc, şəhid...
Qurbanlığı sandın yol;
Yaşın cəmi iki on...
Doğma yurd... dedin ilk o,
Başqa hər şey puç, şəhid...
Anana ruzu-qəmin,
Atana ruzu-qəmin;
Getməz bu azuqənin
Dadı, tamı heç, şəhid...
Bu cür olmalı dedin-
Vətən qalmalı dedin;
Hamı qalxmalı, -dedin,
Nə tezdi, nə gec, şəhid?
Qatlamadın diz, yumdun,
Gördük, axı, biz, yumdun;
Torpaq üstdə göz yumdun,
Torpaq altda aç, şəhid!
Ay elə gəldi gedər,
Gün belə gəldi gedər;
Ay bizə ağır kədər,
Ay bizə güvənc şəhid!
Hazırladı: Mina RƏŞİD