25.06.2025, 21:50
AZ EN
14.07.2023, 17:43 450

Mən də şeir yazıram

YARADICILIQ
  • Filologiya üzrə fəlsəfə doktoru, “Bütöv Azərbaycan” qəzetinin redaktoru istedadlı şair, jurnalist İlham Məmmədlinin bu günlərdə ilk şeirlər kitabı işıq üzü görüb. Qeyd edək ki, “Ömrü sözə verdim” adlı kitab  Azərbaycan Dövlət Nəşriyyatında çap edilib. Kitabın redaktoru Əməkdar jurnalist Əlövsət Ağalarov, ön sözün müəllifi professor Vaqif Sultanlıdır.

İlham Məmmədli Kəlbəcərin Bəzirxana kəndindəndir. Onu yenicə çıxan  kitabı münasibətilə təbrik edir və Kəlbəcər qoxulu şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik. 

 

YA QARABAĞ, YA ÖLÜM!

(Ozan Arifin xatirəsinə ehtiramla)

Vur qoçum, vur, dağıt keç yağı düşmən səddini,

Göstər yağı düşmənə öz yerini, həddini.

Aman vermə bir daha “hay” düzəltsin qəddini,

Qəsbkarın yuvasın öz başına yıx artıq,

Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq!

 

Qarabağın gözləri neçə vaxtdı yoldadı,

Millətin otuz ildi başı qeylü-qaldadı.

Öz qanında boğ indi, yavrum, qanlı cəlladı,

Sənə zirvə yaraşır, zirvələrə çıx artıq,

Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq!

 

Bu gün qoca Murovun qaməti də dikəlib,

Onun polad qəlbinə neçə dağlar çəkilib,
Sənin ayaq səsindən daşnak iti əkilib,

Yurdun şanlı bayrağın Şuşamıza tax artıq,

Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq!

 

Qızıldı Qarabağın hər qarışı, hər daşı,

İllərdi qurumayır Tərtərimin göz yaşı.

Yurdlarımız gözləyir doğma eli, yurddaşı,

Bu həsrətin, ağrının axırına çıx artıq,

Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq!

 

Yoluna göz dikibdi Pənah xanın Xankəndi,

Gücünü xalqdan alıb nə dayanıb, nə təngi,

Göstər qoca dünyaya yeni döyüş, türk cəngi,

Soysuzların üstünə qasırğa tək ax artıq,

Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq!

 

MƏN DƏ ŞEİR YAZIRAM

Ürəyimin qanıyla

Mən də şeir yazıram.

Elə sanma, əzizim

Gündə şeir yazıram.

 

Mərdə kəc baxılanda,

Haqq-nizam yıxılanda,

Ürəyim sıxılanda

Onda şeir yazıram.

 

Kəlbəscərin havası

Hər dərdimin davası.

O dağların səfası

Canda şeir yazıram. 

 

Ömrün gəldi-gedəri -

Bu taleyin qədəri.

Bir millətin kədəri

Qanda şeir yazıram

 

Bu dünyanın halından,

Yüz cür qeylü-qalından.

Ruhumun əhvalından

Sonda şeir yazıram.

 

SORUŞ

Dostum, yolun düşsə Azərbaycana

Məni gözəllərin gözündən soruş.

Bu dağlar balası, odlar oğlunu

Dərdli aşiqlərin sözündən soruş.

 

Ayda, ildə bircə yolda an məni,

Dəlidağın gur çeşməsi san məni.

Yadına düşərsə əgər, sən məni,

Dağlar maralının izindən soruş

 

Çıx Keyti yuxarı, çat Əyriqara,

Yalçın qayalarda İlhamı ara.

Danış bu dərdimi o nazlı yara,

Dərmanın cananın özündən soruş.

 

DAŞ ATMA BALA, DAŞ ATMA

Hər ağacda bar olmur ki,

Daş atma, bala, daş atma.

Hər gördüyün ov da deyil,

Boş atma bala, boş atma.

 

Axtarma ucuz şöhrəti,

Elində qazan hörməti.

Qəlbində kini, nifrəti,

Yaşatma bala, yaşatma.

 

Həyatını ləngər yaşa,

Yurdu seçib səngər yaşa.

Harda olsan, öndər yaşa

Baş qatma bala, baş qatma.

 

Haqdan dilə diləyini,

Halal qazan çörəyini.

Hər yetənə ürəyini

Boşaltlma bala, boşaltma.

 

Öyüd olsun ata sözü

Bir ibrətdi həyat özü.

Tərəzidi elin gözü

Boş yatma bala, boş yatma.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər