Rəfail Tağızadə əmək fəaliyyətinə Bakı Elektron Hesablayıcı Maşınları zavodunda başlayıb. Azərbaycan Milli Ordusunda döyüş bölgəsində 1994-1996-cı illərdə zabit kimi qulluq edib.
Rəfail Tağızadə bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. “Palitra”, “525-ci qəzet”, “Yeni Azərbaycan”, “Ədalət” qəzetlərində lirik şeirləri, publisistik yazıları vaxtaşırı dərc olunub. Dünyanın çağdaş şairlərinin, xüsusən müasir polyak şeirlərini Azərbaycan dilinə tərcümə edib. “Qəfil görüş”, Çağdaş polyak şeir antologiyası” kitablarının həmmüəllifidir. "Qapı" (2004), “Qarabağ rüzgarları” (2009), “Gecə xəyalları” (2013) şeir kitablarının müəllifidir. Şeirləri ingilis, rus, polyak və ukrayna dillərinə tərcümə olunub. Dünya şöhrətli alim Rafiq Əliyev haqqında “Su kimi sakit və güclü” (2019) kitabının tərtibçisi və redaktorudur.
“Şopenin ürəyi” poemasına və dahi polyak bəstəkarı Şopenin 200 illik yubileyi ilə əlaqədar Şopenin Azərbaycanda təbliğinə görə Polşa Respublikasının Mədəniyyət və Milli İrs naziri tərəfindən Diploma layıq görülüb (2010). Ədəbiyyat üzrə Nobel Mükafatçısı Çeslov Miloşun Polşada keçirilən 100 illik yubileyində Azərbaycanı təmsil edib (2011). Şeirləri ingilis, alman, italyan, rus, polyak, ukrayna və özbək dillərinə tərcümə olunub.
R.Tağızadənin Qarabağ nəfəsli şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.
Dostum şəhid mayor
Vitali Salamova
Vətəndən uzaqda, yurddan uzaqda
Dərdlərin içindən dərd böyüyürdü.
Baxıb bu yolların ağrılarına,
Arxanca gələnlər mərd böyüyürdü.
Hamının qəlbində torpaq sevgisi,
Hamının diləyi qovuşmaq idi.
Bizim heyfimizi daşlardan çıxan
Düşməni torpaqdan tez qovmaq idi.
Səbrin də tükənən, səbrin də dözən,
Bir dözüm həddi var... Günün vədəsi.
Zaman bu zamandı, müqəddəs zaman:
Birliyin, Zəfərin döyüş hədəsi.
Vətən sorağıyla gəzib dolaşan
Ruhunuz qovuşdu istəyə, kama.
Eşidib Qələbə sədalarını
Bizdən tez çatdınız doğma Ağdama.
Uyu, Vətən oğlu! Sən rahat uyu!
Sevinc özü gəlib nurlu Simaya.
Hər şey məcrasına düşür təzədən,
O ağ buludlar da dönür səmaya.
Doğma sədaları eşitdikcə sən
Üzünə təbəssüm qonacaq yenə.
Fərrux, Qaramandan duyulan səsin
Xaçın, Qabartıyla coşacaq yenə.
2020-Cİ İLİN PAYIZI
Sən ayrı bir payızsan.
Mərmisi istilik gətirən,
addımı səngər bitirən,
bizi yurda yetirən...
Gecəsi elan sevincli,
gündüzü Vətən səs-küylü...
ağrının yükün əridən,
günü addımtək yeridən,
dərdi atəşlə kiridən
payız.
Sən 30 ilin həsrət yazısan,
Qələbə sevdalısan.
İlin zəfər fəslisən,
Sən Şuşa nəfəslisən.
SABAHI GÖZƏL ŞUŞAM
Sükutlu gecəsi danışan,
mehriban baxışla barışan,
keçmişi sabahla yarışan,
səsi uzaq səslərə qarışan
şəhərim.
Qalası barıt qoxulu,
evləri xatirə yuxulu,
Cıdırı naxış toxulu,
səması ağ buludlu,
darıxan şəhərim.
Özü,
ətrafı gözoxşayan,
əllər Xarıbülbül ovlayan,
məscidi qoşa boylanan,
adı igidlər hoylayan
qəhrəman şəhərim.
Yolu Laçından dolanan,
küçəsi dolanbadolan,
gözü Ağdamda olan,
yarı işıq, yarı qaranlıq,
papaq şəhərim,
varlığı yaşadan şəhərim.
Arzuları qoşa-qoşa,
dünən Şuşa,
bu gün Şuşa,
sabahı
yenə gözəl Şuşa!
Qonaqlı-qaralı,
Dolan, boşalan şəhərim.
Hazırladı: Mina RƏŞİD