03.02.2026, 18:01
AZ EN
03.02.2026, 16:18 107

Elm və sədaqət ünvanı – Abbas Abbasov

XƏBƏRLƏR
  • Bəzən bir ömür bir universitetin, bir xalqın elmi yaddaşına çevrilir. Elə insanlar var ki, onların adı çəkiləndə bilik, zəhmət və müəllimlik məsuliyyəti bir arada xatırlanır. Bu gün belə şəxsiyyətlərdən birinin – tanınmış filoloq, görkəmli alim, uzun illərdir Bakı Dövlət Universitetinin elmi mühitində öz dəst-xətti ilə seçilən professor Abbas Abbasovun doğum günüdür.

Abbas Qurban oğlu Abbasov 1942-ci il fevralın 3-də Qubadlı şəhərində dünyaya göz açıb. O, ilk təhsilini 1949–1959-cu illərdə Qubadlı rayonunun Başarat kənd orta məktəbində alıb. Elmin işığına olan maraq onu 1967–1972-ci illərdə SSRİ-nin 50 illiyi adına APXDİ-nun (indiki Azərbaycan Dillər Universiteti) İngilis dili fakültəsinə gətirib.

1973-cü ildən etibarən həyatını Bakı Dövlət Universiteti ilə bağlayan Abbas Abbasov burada müxtəlif məsul vəzifələrdə çalışıb. Qərbi Avropa Dilləri kafedrasında baş laborant, aspirant kimi fəaliyyət göstərib, 1983–1986-cı illərdə Nigeriya Federativ Respublikasında tərcüməçi-müəllim kimi beynəlxalq təcrübə qazanıb. 1990-cı ildən isə BDU-nun İngilis dili (təbiət fakültələri üzrə) kafedrasına rəhbərlik edir.

Alimin elmi fəaliyyəti də zəngin və məhsuldardır. 1990-cı ildə “Azərbaycan dilində ad-feil quruluşlu sözlər” mövzusunda dissertasiya müdafiə edən Abbas Abbasov 2016-cı ildən professor elmi adını daşıyır. O, 40-dan artıq elmi kitabın müəllifi kimi Azərbaycan filologiyasına dəyərli töhfələr verib.

Ömrünün 50 ildən çoxunu Bakı Dövlət Universitetinə həsr edən professor Abbas Abbasov bu illər ərzində yüzlərlə gənc mütəxəssisin formalaşmasında mühüm rol oynayıb. Dürüstlüyü, tələbkarlığı və insanlığı ilə həmkarlarının, tələbələrinin hörmətini qazanıb, universitet mühitində nüfuzlu bir müəllim kimi tanınıb.

Şərəfli ömür yolu keçmiş professor Abbas Abbasovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı, bərəkətli ömür və elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq.

Doğum gününüz mübarək olsun, Abbas müəllim!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər