22.12.2024, 22:43
AZ EN
26.09.2022, 13:00 237

Bu gün nitq və eşitmə qabiliyyəti məhdud olan insanların günüdür

XƏBƏRLƏR
  • Sağlam düşüncəli hər bir insan yaşadığı dövlətə, cəmiyyətə öz töhfəsini verməyə çalışarkən həm də insanlığa faydalı, yararlı olmağ can atır. Bu, insanın fitrətindən gələn bir istəklə bağlıdır ki, o özünə gördüyü işlərlə bağlı hesabat verir: - “Mən cəmiyyətdə hansı işə yarayıram, rolum nədir və insanlara necə kömək edə bilərəm?” Bu kimi sualları nitq və eşitmə qabiliyyəti məhdud olan insanların günündə həmin qəbildən olanların sosial mühitə nə dərəcədə adabtasiya olunduğuna nəzər yetirərkən düşündüm. Bu insanlarla insiyyət qurmaq üçün ilk əvvəl onların dilini bilməli, yəni jestlərlə danışmağı bacarmalısan...

Hər il sentyabrın 26-sı dünyada Beynəlxalq nitq və eşitmə məhdudiyyətli insanların günü kimi qeyd edilir. Həmin gün 1951-ci ildə nitq və eşitmə qabiliyyəti məhdud olanların Dünya Federasiyasının yaradılması münasibətilə təsis edilib. Burada əsas məqsəd cəmiyyətdə bu qəbildən olan insanlara diqqəti cəlb etməkdir. Xüsusilə sosial mühitdə onların üzləşdikləri gündəlik problemlərlə əlaqədar insanları məlumatlandırmaq və cəmiyyətə daha asan interasiya olunmaları üçün  birgə və həssas münasibət formalaşdırmaqdan ibarətdir.

1760-cı ildə Parisdə rahib de Lepe nitq və eşitmə əngəlli insanlar üçün ilk məktəbin əsasını qoyub. O, mimikalarda danışıq üsulunun banisi, jest dilinin böyük tərəfdarı olub.

Statistikaya görə, dünyada təxminən 650 milyon nəfər, başqa sözlə, hər doqquz nəfərdən biri eşitmə problemlərindən əziyyət çəkir. Qeyd edək ki, eşitmə problemləri daha çox travma, xəstəlik və ya anadangəlmə çatışmazlıqlar nəticəsində yaranır.

Yer kürəsində yüzlərlə ünsiyyət dili var. Amma nitq və eşitmə məhdudiyyətli insanların ünsiyyət forması vahiddir. Beynəlxalq Federasiya bu qəbildən olan insanların  ünsiyyətinə dəstək məqsədilə 1965-ci ildə 300 jestdən ibarət ilk gestuno lüğətini çap edib, sonrakı nəşrlərdə jest sayı artaraq 1500-ə çatıb.

Azərbaycanda da nitq və eşitmə qabiliyyəti məhdud olan insanların inkluziv təhsil alması üçün 2 xüsusi internat məktəbi fəaliyyət göstərir ki, burada təxminən 790 şagird təhsil alır. “Səssiz Ünsiyyət” İctimai Birliyinin rəhbəri təlimçi və tərcüməci Şamil Sabirzadənin İctimai televiziyaya verdiyi məlumata görə, bu sahədə olan mütəxəsislər demək olar ki, çox azdır. Əvvəllər vəziyyətin daha acınacaqlı olduğunu söyləyən tərcüməçi elə buna görə də, bu qəbildən olan insanlara əlil kimi münasibət bəsləndiyini bildirir. Ancaq son zamanlar nitq və eşitmə əngəli olan insanların öz bacarıqları ilə cəmiyyətə inteqrasiya olunmasında irəliləyişlər olduğunu söyləyir: - “Onlar arasında istedadlı insanlar, o cümlədən, rəssamlar, müxtəlif əl işləri ilə məşğul olanlar, idmançılar və.s. çoxdur”.

Dünyada 2500-dən çox dil var. Yuxarıda qeyd etdiyimiz kimi, nitq və eşitmə məhdudiyyəti olan insanların dili isə yeganədir. Bu insanlar da cəmiyyətimizin bir parçasıdır və onların hamı kimi normal yaşamaq hüquqları var. Əlbəttə, bu sahədə müəyyən dövlət proqramları var ki, aidiyyəti qurumlar onları həyata keçirməyə çalışırlar. Düşünürəm ki, bu işdə müxtəlif ictimai birliklər və cəmiyyətin hər bir üzvü əllərindən gələni etməlidirlər.

Mütəxəsislərin dediyi kimi, küçələrdə nitq və eşitmə məhdudiyyətli insanlar üçün məlumatlandırıcı lövhələr quraşdırılmalı, televiziyalarımızda isə surdo-tərcümələr olmalıdır.

Mina RƏŞİD

Oxşar xəbərlər