Videoçarx Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin təşəbbüsü ilə hazırlanıb.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Media Qrupu (International Media Group) və Norveçdə fəaliyyət göstərən “Azərbaycan Evi”nin təşkilati dəstəyi ilə keçirilən tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlayıb.
Tədbirdə “Azərbaycan Evi”ndə 2020-ci ildən fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan dili məktəbinin şagird və müəllimləri, valideynlər, müxtəlif millətlərin nümayəndələri, eyni zamanda, “Azərbaycan Evi”nin və Norveç Azərbaycanlıları Gənclər Təşkilatı - NAYO-nun fəalları iştirak ediblər.
Tədbiri Oslo “Azərbaycan Evi”nin sədri Ramil Əliyev açaraq qonaqları bu gərəkli və uğurlu layihə münasibətilə təbrik edib.
Ardınca söz “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimovaya verilib. M.Rəhimova tədbir iştirakçılarına videoçarxın yayılması və yerli oxşar təşkilatların nümayəndələrinə təqdim edilməsinin zəruriliyini vurğulayıb: “Məqsədimiz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır. Prezident İlham Əliyevin sülh siyasəti nəticəsində biz öz Vətənimizə qayıdacağıq, buna ürəkdən inanırıq. Hamımız öz sahəmizdə çalışaraq müharibəsiz bir dünya qurmağa töhfə verməliyik. Biz “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi olaraq Skandinaviyadakı oxşar təşkilatlarla əlaqələrin yaradılmasında çox maraqlıyıq. Bu əlaqəni də siz diaspora fəalları öz öhdənizə götürsəniz bundan həm xalqımız, həm də müxtəlif səbəblərdən əlilliyə məhkum olmuş vətəndaşlarımız qazanacaqlar”.
Tədbir Beynəlxalq Media Qrupunun sədri, videoçarxın prodüseri və rejissoru Rahim Sadıqbəylinin çıxışı ilə davam edib: “Dünən Stokholmda beynəlxalq auditoriyaya, bu gün Osloda diaspora nümayəndələrinə, burada böyüyən gənclərimizə tariximizin unudulmaz səhifələrindən danışan mühüm bir videoçarxı təqdim etmək qürurvericidir. Mən bu videoçarxı İsveçdə və Avropada fəaliyyət göstərən bir çox sosial qurumlara, eləcə də mətbuat orqanlarına göndərmişəm. Bu iş bundan sonra da davam edəcək”.
Çıxışlardan sonra “Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” adlı videoçarx ingilis və Azərbaycan dillərində tədbir iştirakçılarına təqdim olunub.
Qeyd edək ki, videoçarxın layihə rəhbəri Məhluqə Rəhimova, layihə rəhbərinin köməkçisi Firuzə Babayeva, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin İctimai-siyasi proqramlar studiyasının Tarix şöbəsinin müdiri Mahir Qəribov, layihə üzrə ekspert isə Səidə Qurbanovadır.
Tədbirdə iştirakçılara Azərbaycan mədəniyyətinin kulinariya ənənələrini əks etdirən milli şirniyyatlar və isti içkilər təqdim olunub. (AZERTAC)