22.09.2024, 00:12
AZ EN
26.09.2023, 08:36 174

Asif Nərimanlı: "Əgər partlayış hazırlanmış təxribatın nəticəsidirsə, bunu hava məkanının açılmasını istəyənlər edə bilər"

XƏBƏRLƏR
  • Xankəndidə yanacaq məntəqəsində baş verən partlayış nəticəsində yaralıların sayının 200-dən çox olduğu iddia edilir. Əsas tələb kimi hava məkanının açılması, yaralıların helikopterlərlə Ermənistana daşınması irəli sürülür.

 Hadisə ilə bağlı siyasi şərhçi Asif Nərimanlı mətbuata açıqlamasında bildirib ki, əgər partlayış hazırlanmış təxribatın nəticəsidirsə, bunu hava məkanının açılmasını istəyənlər edə bilər.

Hava məkanının açılmasında ən çox maraqlı olanlar separatçılardır, həm keçmiş, həm hazırkı “rəhbərlər”.

Politoloqun sözlərinə görə, keçmiş “rəhbərlər” təhvil-təslim prosesinin sonunda həbs edilmək təhlükəsi ilə yaşayır: “Onlar Laçın yolundan çıxmağa risk etmədikləri üçün helikopterlə getməkdə maraqlıdır. Hazırkı “rəhbərlər”in əsas missiyası Azərbaycanın əlinə keçməsini istəmədikləri sənədləri, yaxud hansısa daşına bilən əşyaları “təhlükəsiz” şəraitdə bölgədən çıxarmaq ola bilər”.

Ekspert bildirib ki, benzin çəninin dolu olub-olmaması da hadisə ilə bağlı ehtimalların yönünü dəyişə bilər: “Əgər çən dolu olubsa, bu partlayış ermənilərin Ermənistana getməsini səngidəcək. Nəqliyyat üçün yanacaq problemləri var idi, Yevlax görüşündə bizdən istədilər, verildi. Yəni dolu çən partlayıbsa, yanacaq problemləri olacaq, erməniləri daşımaqda çətinlik yaranacaq. Ermənilərin kütləvi getməsini istəməyənlər də maraqlı ola bilər”.

Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bəyan edib ki, sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremləry, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu Xankəndi yolu vasitəsilə yola salınıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər