03.03.2026, 19:23
AZ EN
03.03.2026, 17:39 14

Marko Tonequtti: "Azərbaycan Avropaya qaz təchizatında SGC-nin strateji rolunu gücləndirir"

XƏBƏRLƏR
  • Azərbaycan Avropaya qaz təchizatında Cənub Qaz Dəhlizinin (SGC) strateji rolunu gücləndirir.

Bunu "Boston Consulting Group"un (BCG) idarəedici direktoru və baş tərəfdaşı Marko Tonequtti (Marco Tonegutti) Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bildirib.

"Bu gün Azərbaycan Avropaya ildə təxminən 13 milyard kubmetr qaz tədarük edir. O, Xəzər regionunu Cənubi və Mərkəzi Avropa ilə birləşdirən yeganə qeyri-Rusiya boru kəməri dəhlizini təmsil edir", - BCG rəsmisi bildirib.

O qeyd edib ki, SGC tam gücü ilə işləyir.

M.Tonequtti vurğulayıb ki, Azərbaycanda qaz hasilatı ildə 50 milyard kubmetri ötür. Onun fikrincə, Azərbaycan qazının Avropaya nəqlinin daha da artırılması həm hasilat, həm də nəqliyyat infrastrukturu seqmentindəki "dar boğazlar"ın aradan qaldırılmasını tələb edir.

BCG rəsmisi qeyd edib ki, Azərbaycanda hasilatın mülayim artımı və Xəzərin şərq sahilindən, o cümlədən Türkmənistan resurslarından potensial əlavə qaz həcmlərinin kombinasiyası Avropanın enerji bazasını daha da gücləndirə bilər: "Azərbaycan təchizatın etibarlılığını artırmağa və Aİ-nin qeyri-sabit enerji bazarlarından asılılığını azaltmağa imkan verən yeganə marşrutu təklif edir".

M.Tonequtti, həmçinin vurğulayıb ki, Avropa enerji təhlükəsizliyi ilə bağlı struktur problemi ilə üzləşib: "Aİ-də illik qaz istehlakı təxminən 340 milyard kubmetr təşkil edir və hətta optimist ssenarilərdə belə 2030-cu ilə qədər tələbat 300 milyard kubmetrdən yuxarı qalacaq. Aİ istehlakının demək olar ki, 90 %-i idxaldan asılıdır, bununla yanaşı, təxminən 45 %-i mayeləşdirilmiş təbii qazdır ki, bu da yüksək marjinal qiyməti formalaşdırır və Avropanı qlobal volatillik qarşısında həssas edir".

BCG rəsmisi bildirib ki, Rusiya qazına etibarlı alternativlər olduqca azdır, buna görə də Azərbaycanın və Cənub Qaz Dəhlizinin strateji rolu mühüm əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, SGC-nin daha da genişləndirilməsi üçün uzunmüddətli müqavilələr, beynəlxalq maliyyə institutları ilə maliyyələşmənin razılaşdırılması, həmçinin siyasi və tənzimləyici mexanizmlərin koordinasiyası zəruridir. (Report)

Oxşar xəbərlər