Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Barselonadakı Azərbaycanlılar Cəmiyyəti və Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycan Respublikasının İspaniyadakı səfiri Ramiz Həsənov, rəsmi qonaqlar, Barselonada yaşayan soydaşlarımız, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Vətənin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra iştirakçılara 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıda xalqımızın başına gətirdikləri dəhşətli müsibətlər haqqında geniş məlumat verilib. Xocalı faciəsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlərdən danışılıb. Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyəti vurğulanıb.
Oxşar anım tədbiri ABŞ-də də keçirilib. Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ACSNC) nəzdindəki Azərbaycan Gənclər Rəqs Ansamblının növbəti dərsləri Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunub.
Şagirdlər əvvəlcə Xocalıda şəhid olan günahsız insanların əziz xatirəsini dərin ehtiramla yad edib, xüsusi hazırlanan guşənin önünə güllər düzüblər.
Cəmiyyətin bədii rəhbəri Anar Allahverdov xalqımızın yaddaşına qanla yazılan 1992-ci il 26 fevral tarixinin mahiyyətindən danışıb.
Dərsdə, həmçinin tarixi yaddaşın qorunmasının və onun gənc nəsillərə ötürülməsinin əhəmiyyəti barədə söhbət aparılıb. (AZERTAC)