14.03.2025, 23:28
AZ EN
09.01.2024, 15:40 211

Bu gün Salatın Əsgərovanın anım günüdür

XƏBƏRLƏR
  • Bu gün şəhid jurnalist Əsgərova Salatın Əziz qızının anım günüdür. O, 1961-ci ildə dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna, indiki Azərbaycan Dövlət Akademiyasına daxil olub.

1988-1989-cu illərdə Qarabağda baş verən hadisələr, azərbaycanlıların başına gətirilən faciələr Salatın Əsgərovanı tamam başqa sahəyə gətirir. Universitetin Mühəndislik fakultəsini bitirsə də, o jurnalist kimi fəaliyyət göstərməyə başlayır. “Molodyoj Azerbaydjana” qəzetində jurnalist kimi fəaliyyət göstərir. Qəzetin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazır, tez-tez cəbhənin qaynar nöqtələrində olur. Həmçinin heç nədən qorxmadan dəfələrlə erməni kəndlərinə gedib, onları yanlış yoldan geri çağırmağa çalışır.
Hazırladığı reportajlarla müharibənin ən qızğın nöqtələrindən xəbər verən Salatın qısa müddət ərzində geniş oxucu kütləsinin məhəbbətini qazanır.

Salatın Əsgərova 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulur və elə oradaca qətlə yetirilir. Onun bir oğlu Vətənə yadigar qalır. Şəhid jurnalist Bakıda Şəhidlər Xiyabanında dəfn olunur.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Salatın Əziz qızı Əsgərovaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir. Hazırda Bakı şəhərində adına küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri də onun adını daşıyır. “Təfəkkür” Universitetində büstü qoyulub. Yaşadığı binaya barelyefi vurulub.

Ruhu şad olsun.

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR