28.10.2025, 01:40
AZ EN
27.10.2025, 22:45 117

Qərbi Azərbaycan Xronikası: "Andranik ermənilərə yazdığı məktubda özünü ifşa edib"

XƏBƏRLƏR
  • Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi filoloq, tərcüməçi Azad Ağaoğlu olub.

O, Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin 1918-1920-ci illərdə işıq üzü görən tam külliyyatının ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə 20 cilddə çap olunması layihəsindən söhbət açıb.

Bildirib ki, hazırda XIII cild oxucuların ixtiyarına verilib. Qeyd olunub ki, ADA Universitetinin bu layihəsinə qədər "Azərbaycan" qəzetinin 450-yə yaxın nömrəsi heç vaxt tam külliyyatda ərəb əlifbasından latın əlifbasına transliterasiya edilməyib. Bu istiqamətdə ayrı-ayrı təşəbbüslər olsa da, bütöv şəkildə nəşrlər ortaya qoyulmayıb. Bu baxımdan, 1918-1920-ci illərdə işıq üzü görmüş "Azərbaycan" qəzetinin çapı və qəzetin tam külliyyatının hazırlanması xüsusi əhəmiyyət kəsb edir.

A.Ağaoğlu vurğulayıb ki, "Azərbaycan" qəzetini filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli ilə birlikdə transliterasiya ediblər. Onun sözlərinə görə, bu layihə çərçivəsində görülən işlərdən biri də yenə ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə "Azərbaycan" qəzetində Qərbi Azərbaycan mövzusu: sentyabr 1918 - oktyabr 1919" kitabının nəşr olunmasıdır. Bu kitab Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına mühüm töhfə kimi qiymətləndirilə bilər. Çünki 1918-1920-ci illərdə Qərbi Azərbaycanda ermənilər tərəfindən soydaşlarımıza qarşı törədilmiş vəhşiliklərə dair "Azərbaycan" qəzetində dərc olunan bütün materiallar bu vəsaitdə toplanıb.

Müsahib söyləyib ki, bu materiallar və faktlar tariximizin, milli yaddaşımızın unudulmaması üçün müstəsna əhəmiyyətə malikdir. Misal üçün, "Azərbaycan" qəzeti o dövrdə Andranikin daşnak-bolşevik mətbuatında ermənilərə müraciətini – məktubunu dərc edib. Həmin məktubda Andranik soydaşlarımıza qarşı necə təşkilatlanma işi apardığını, təxribatlar, qırğınlar törətdiyini açıq şəkildə bildirib və bununla da özünü ifşa edib.

A.Ağaoğlu deyib ki, bu kimi çoxsaylı faktlar "Azərbaycan" qəzetində Qərbi Azərbaycan mövzusu: sentyabr 1918 - oktyabr 1919" kitabında toplanıb. Ümumiyyətlə, o dövrdə işıq üzü görən materiallara nəzər saldıqda aydın müşahidə etmək olur ki, "Azərbaycan" qəzeti daşnak-bolşevik mətbuatına qarşı təkbaşına döyüşüb. Dövrün azərbaycanlı ziyalıları bu mətbu orqanda ümummilli məsələ ətrafında sıx birləşib, tarixi torpaqlarımız uğrunda siyasi-ideoloji mübarizə aparıblar. Qərbi Azərbaycandan olan soydaşlarımızın problemləri daim diqqət mərkəzində saxlanılıb. Zəngəzur məsələsinə də xüsusi önəm verilib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin" fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. (Report)

Oxşar xəbərlər