09.06.2025, 11:34
AZ EN
21.03.2022, 19:00 261

Kərəm dayı bir gün Ağdama geri dönəcəklərinə inanırdı...

XƏBƏRLƏR

“Sputnik Azərbaycan”ın müxbiri Nigar İsgəndərova paytaxtın Kürdəxanı qəsəbəsində məcburi köçkünlərin nüvəqqəti məskunlaşdığı yaşayış kompleksində doğma yurda qayıdışa hazırlaşan insanlar görüşüb və reportaj hazırlayıb.

Jurnalist Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra 30 ildir el-obalarından, yurdlarından didərgin düşən məburi köçkünlərin səbrsizliklə geri dönəcəkləri günləri gözlədiklərini bildirir. Ağdamdan məcburi köçkün olan Hacıyevlər ailəsinin ağsaqqalı olan 68 yaşlı Kərəm kişi müxbirlə söhbətdə deyib: "Ağdamda hər bir şəraitimiz vardı. Oranın havası, suyu belə başqa idi. Kənddə təsərrüfatla məşğul olub dolanırdıq. Lakin bu xoş günlərimiz uzun sürmədi, erməni qəsibkarları həyatımızı viran etdi, gələcəyimizi bizdən qopardı. Xocalı hadisəsindən bir neçə gün sonra biz Ağdamdan köçkün düşmüşük. Ermənilər başımıza oyun açdı, günahsız yerə elimizdən-obamızdan didərgin düşdük, çətin həyat şəraitində yaşamalı olduq. 38 yaşım vardı, o vaxtdan sonra burada, Kürdəxanıda evlə təmin olunana qədər çox əziyyətlər çəkdik.

Öncə Sabirabada köçdük, sonra Mərdəkandakı sanatoriyada yerləşdik. Sanatoriyada çox şəraitsiz vəziyyətdə yaşamışdıq, kanalizasiyanın üfunət iyi hər yeri bürümüşdü, yer beton idi. Orada yaşadığım illərdə ancaq nəvələrimin revmatizmini müalicə elətdirmişəm. O illərdə ölümümüzü gözləyirdik, amma Kürdəxanıda evlə təmin olunduqdan sonra həyata baxışımız belə dəyişdi, ümid ümid doğurur. Sanatoriyadan çıxanda Ağdamın alınacağını bilmirdim. Bura gəldik, torpaqlarımızın alınmasına bir ümid yarandı, həmin ümid gerçək oldu".

Müxbir Hacıyevlər ailəsi ilə vaxtilə Mərdəkanda tanış olduğunu, onların ağır şəraitdə yaşadıqlarını gördüyünü, Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıqdan sonra ailənin mənzil problemini çox qısa zamanda həllini tapdığını vurğulayıb. Müxbir yazır: “38 yaşından həyatın ən ağır, acılı üzünü görən Kərəm dayı bir gün Ağdama geri dönəcəklərinə inanırdı: "Desələr ki, sizi bu gün Ağdama geri qaytarırıq, gözləmədən qayıdaram. Ağdama qayıdıb orada təsərrüfatla məşğul olacağam, planlarım var".

El-obasından didərgin düşmək Kərəm dayının oğlu Teymur Hacıyevin də həyatını alt-üst edib, onun yeniyetməliyi, gəncliyi yollarda keçib: "Ağdamdan çıxanda 14 yaşım vardı, onda Xocalı faciəsi təzəcə baş vermişdi. Xocalı hadisəsi, oradakı meyitlər, qadınların ah-naləsi hələ də gözümün önündədir. Dərs oxuyan vaxtı başımızı əyirdik, məktəbdə olduğumuz vaxtda atışma səsi eşdiib zirzəmiyə qaçırdıq. Tar dərsinə gedirdim, başımın üstündən bombalar atılırdı. Torpağımdan qaçqın düşəndə birdən-birə 20 il qocaldım, həyatdan küsdüm".

Bakıya köçdükdən sonra Teymur Hacıyev çörək pulu qazanmaq üçün 22 il dərzi işləyib. O da atası kimi səbrsizliklə doğma el-obasına köçəcəyi günü gözləyir.

Oxşar xəbərlər