"Vətən səsi" xəbər verir ki, bunu siyasi təhlilçi Asif Nərimanlı Azərbaycan hökumətinin Ermənistana qarşı tranzit qadağasının aradan qaldırılması barədə qərarını şərh edərkən bildirib. Onun sözlərinə görə, tranzit qadağalarının ləğvi elan edildikdən sonra Nikol Paşinyan Türkiyə və Azərbaycan üçün yeni marşrut xətti kimi Marqara-Yeqnadzor-Sisian-Gorus yolunu təklif edib. Lakin ekspertin fikrincə, bu, Azərbaycanın jestinə adekvat reaksiya kimi görünsə də, Bakının tranzit qadağasını ləğv etmək qərarı ilə Paşinyanın təklifi arasında fərq var: "Azərbaycan qadağanı ləğv edib, lakin yüklərin sərhəddən keçidi hələ gündəmdə deyil. Qazaxıstandan və digər ölkələrdən Ermənistana daşınan yüklər Azərbaycana daxil olur, Gürcüstan üzərindən İrəvana aparılır. Rəsmi Bakı bununla kommunikasiyaların bərpası haqqında razılaşmalarını praktiki müstəviyə köçürür, hərçənd, Zəngəzur dəhlizi açılmadan birbaşa tranziti tətbiq etmir. Bu gediş Ermənistanı dəhlizi maksimum tez açmağa sövq etməyə də hesablanıb".
Siyasi təhlilçi hesab edir ki, Ermənistanın Türkiyə və Azərbaycan arasında tranzit olmaqda israrlı mövqeyinin bir neçə hədəfləri var. Bunlardan birincisi Gorusdan sərhəd keçidini açmaqla Ermənistana daşınan yüklərin də birbaşa tranzitinə nail olmaq, eyni zamanda, Marqara keçid məntəqəsini işlək vəziyyətə salaraq Türkiyə ilə sərhədin açılması presedentini yaratmaqdır. İrəvan həmçinin Ankaranın sərhədin açılması üçün irəli sürdüyü “Bakı ilə razılaşmaq” şərtinin aktuallığını arxa plana keçirmək istəyir. Ermənistan həm də kommunikasiyanın bərpasına Zəngəzur dəhlizi açılmadan başlamağı hədəfləyir. Bu baxımdan Nikol Paşinyanın Ermənistanın Türkiyə-Azərbaycan yüklərinə tranzit olmaqla bağlı israrlı açıqlamalarında məqsəd heç də “jestə qarşı jest etmək” deyil".
Asif Nərimanlı bildirir ki, rəsmi Bakının Paşinyanın təklifinə reaksiya verməməsi İrəvanın niyyətindən xəbərdar olması kimi qəbul oluna bilər. Onun fikrincə, Azərbaycan gələcəkdə Ermənistan tranzitindən “pilot layihə” kimi bir və ya bir neçə dəfə istifadə etməsi mümkündür: "Lakin Zəngəzur dəhlizi açılmadan regional kommunikasiyanın bərpası reallaşmayacaq. Bakı üçün regional kommunikasiyanın paket şəkilində açılması məqbuldur".
Elxan SALAHOV