Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.
“Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsini təsis etməsi məsələsinə hər hansı bir şərh qəbuledilməzdir.
Ermənistan tərəfi Azərbaycanın daxili işlərinə qarışmağa və uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətə son qoymalıdır.
“Etnik təmizləmə” barədə baş nazirin cəfəng fikirlərinə gəldikdə isə qeyd edək ki, tarix boyu azərbaycanlılara qarşı xüsusi qəddarlıqla kütləvi qırğınlar, deportasiyalar siyasətinin, əməllərinin etiraf edilməsi və üzrxahlıq dilənməsi əvəzinə, Azərbaycanı belə əməllərdə təqsirləndirmək tarixdən dərs çıxarmamağın göstəricisidir.
Ermənistan tərəfinin sülh sazişi üzrə danışıqların davam etdiyi bir vaxtda bu kimi bəyanatlarla çıxış etməsi sülhə xidmət etmir”, - məlumatda qeyd olunub. (APA)