Bu fikirləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı söyləyib.
Dövlətimizin başçısı deyib: “Ümid edirdik ki, biz Qarabağ ermənilərinin nümayəndələri ilə təmaslar qura biləcəyik. Lakin təəssüflər olsun ki, orada hakimiyyəti bir növ inhisarçılığa götürmüş insanlar buna imkan vermədi. Bundan əlavə, sentyabr ayında iki hadisə baş verdi ki, bu, bizim üçün qırmızı xəttin keçməsi demək idi. Birincisi, Ermənistan baş nazirinin dırnaqarası “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyi münasibətilə təbriki, bu, tamamilə Ermənistan baş nazirinin dediyi və imzaladığı sənədlə ziddiyyət təşkil edirdi. Çünki ötən ilin oktyabrında Ermənistan və onun baş naziri rəsmi olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdı. Bundan sonra eyni ruhda olan çoxsaylı bəyanatlardan sonra separatçılara təbrik məktubunun göndərilməsi tamamilə qəbuledilməz idi bizim üçün və çoxziddiyyətli bir hərəkət idi”. (AZƏRTAC)